Zelenski Putinə açıq məktub yazıb: “Müharibəsiz həyat daha yaxşıdır”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə ünvanladığı açıq məktubda müharibənin dayandırılması üçün birbaşa görüş keçirməyi və sülh danışıqlarına başlamağı təklif edib.

Məktub Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Zelenski bildirib ki, dörd ildən artıq davam edən müharibə həm Ukrayna, həm də Rusiya üçün ağır nəticələr doğurub. Onun sözlərinə görə, Rusiyada da müharibənin yaratdığı iqtisadi problemlər, qiymət artımları və itkilər cəmiyyətdə narazılığı artırır.

"Siz hər neçə aydan bir bizim regionlarımızı, xüsusilə Donetsk vilayətini ələ keçirmək üçün qoyduğunuz son tarixləri təxirə salırsınız. Bu il də oranı ələ keçirə bilməyəcəksiniz. Amma biz Ukraynada daimi müharibə istəmirik. Müharibəsiz həyatın daha yaxşı olduğunu çox yaxşı bilirik və buna nail olmaq istəyirik", – Zelenski bildirib.

Ukrayna lideri danışıqlara başlamaq üçün ilk addım kimi tam atəşkəs elan edilməsini təklif edib. O, görüşün İsveçrə, Türkiyə və ya ərəb ölkələrindən birində keçirilə biləcəyini qeyd edib. 

Məktubda deyilir ki, Vaşinqton diqqətini "tamamilə" İranla münaqişəyə yönəltdiyindən vəziyyətin dəyişməsini sadəcə gözləmək düzgün olmazdı. 
Zelenski həmçinin ABŞ və Avropa tərəfdaşlarının prosesə cəlb olunmasının vacibliyini vurğulayıb.

"Ukrayna danışıqlar müddətində tam atəşkəsə hazırdır. Bu, standart praktikadır, İran ətrafında baş verənlər bunu bir daha təsdiqləyir", – Zelenski yazıb.

Məktubda hərbi əsirlərin tam mübadiləsi, mülki şəxslərin və deportasiya olunduğu iddia edilən uşaqların geri qaytarılması məsələlərinin də müzakirə mövzusu ola biləcəyi bildirilib.

Zelenski qeyd edib ki, Ukrayna öz müstəqilliyini qoruyub saxlayıb və bunu gələcəkdə də davam etdirəcək. O əlavə edib ki, əgər Moskva sülh təşəbbüslərini rədd edərsə, Ukrayna müdafiəsini davam etdirəcək.

Kreml məktubun alındığını təsdiqləyib və sənədin prezident Putinə təqdim olunacağını bildirib. Ukrayna Xarici İşlər Nazirliyi isə məktubun BMT, ATƏT və Avropa Şurasında da rəsmi şəkildə yayılacağını açıqlayıb.