Deputata qadağalar qanunu imzalanıb

Prezident İlham Əliyev deputatın etik davranış qaydalarına dəyişiklik qanununu imzalayıb.
 
Qanuna görə, Milli Məclisin deputatı xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.
 
Qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklifi hallarında deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, parlamentin intizam komissiyasını məlumatlandırıb 55 manatdan baha hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.
 
Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir.
 
Xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda deputat Milli Məclisin intizam komissiyasına məlumat verməli və intizam komissiyasının rəyini öyrənməlidir. Deputat onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz. İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.
 
Deputat Milli Məclisin, onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Maraqlar toqquşması ilə bağlı açıqlama Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin internet səhifəsində dərc edilir.
 
Deputat norma yaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun göstərdiyi dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.
 
Maraqlar toqquşması dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.
 
AZƏRTAC