CNN: İsrail İranla müharibədə Azərbaycana hərbi və kəşfiyyat bölmələri yerləşdirib

İsrail İranla müharibə zamanı Tehrana qarşı əməliyyatları asanlaşdırmaq məqsədilə Yaxın Şərq boyunca yaradılmış gizli obyektlər şəbəkəsinin bir hissəsi kimi Azərbaycana elit hərbi və kəşfiyyat bölmələri yerləşdirib. Bu haqda CNN dörd mənbəsinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, İsrail qüvvələri Azərbaycanın cənubunda, İranın şimal sərhədinə yaxın bir neçə məntəqədə fəaliyyət göstərib. Bu ərazilər İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə yaxın olub. CNN yazır ki, ən yaxın nöqtə İsrailin müharibə zamanı zərbələr endirdiyi Təbrizdən təxminən 60 mil, yəni 96 kilometr məsafədə yerləşirdi.

Məlumata əsasən, Azərbaycanda yerləşdirilən İsrail qüvvələrinin tərkibində xüsusi təyinatlı komando bölmələri də olub. Onlar kəşfiyyat məlumatlarının toplanması və dron əməliyyatları ilə məşğul olublar. Mənbələr bildiriblər ki, bu mövqelər İsrailə İranın şimal hissəsini izləmək üçün mühüm imkan yaradıb.

CNN həm də yazır ki, Azərbaycandakı gizli yerləşdirmə İsrailin Yaxın Şərqdə saxladığı bir neçə hərbi mövqedən biri olub. Bu mövqelər İsrail ordusuna İran ərazisinin dərinliklərinə qədər əməliyyat imkanlarını genişləndirməyə şərait yaradıb. Məqalədə qeyd olunur ki, İranın qonşu ölkələrinin bəziləri Tehrana qarşı əməliyyatların həyata keçirilməsində müəyyən rol oynayıb. Mənbələr bildiriblər ki, Azərbaycandakı məntəqələr İsrailin bir sıra ölkələrdə saxladığı gizli hərbi obyektlər və bazalar şəbəkəsinin tərkib hissəsi olub. Bu ölkələr arasında İraq, Birləşmiş Ərəb Əmirlikləri və Somalilend də göstərilir. İlkin mərhələdə bu qüvvələrin fövqəladə vəziyyət yaranacağı halda xilasetmə əməliyyatları üçün nəzərdə tutulduğu bildirilir. Lakin sonradan onların funksiyası genişləndirilib və həmin qüvvələr hərbi, eləcə də kəşfiyyat mövqeləri kimi fəaliyyət göstərməyə başlayıb.

CNN-in məlumatına görə, bu yerləşdirmələr İsrail qüvvələrini İranın cənub, qərb və şimal perimetri boyunca mövqeləndirib. 

Mənbələrdən biri bildirib ki, əməliyyata Azərbaycanda onlarla hərbçi daxil idi. Onların arasında İsrailin xüsusi əməliyyat qüvvələrinin üzvləri, elit helikopter-desant döyüş və xilasetmə qüvvələri, həmçinin Mossad əməkdaşları da yer alıb.

Azərbaycanın ABŞ-dəki səfirliyi CNN-ə açıqlamasında bu iddiaları rədd edib. 

“Biz Azərbaycanın ərazisindən üçüncü ölkələrə qarşı əməliyyatlar üçün istifadə olunduğuna dair əsassız iddiaları qətiyyətlə rədd edirik”, – səfirliyin açıqlamasında deyilir.

CNN İsrail Baş nazirinin ofisinə və İsrail Müdafiə Qüvvələrinə də şərh üçün müraciət etdiyini yazır.

İsrailin regiondakı digər gizli mövqeləri

CNN-in məlumatına görə, İsrail təkcə Azərbaycanda deyil, regionun digər yerlərində də gizli mövqelərdən istifadə edib. Məqalədə bildirilir ki, Afrika Buynuzunda yerləşən, beynəlxalq səviyyədə qismən tanınan Somalilend də İsrail üçün əlavə hərbi mövqe rolunu oynayıb.

Mənbələrdən biri CNN-ə deyib ki, Somalilend İsrail təyyarələrinin İrana uzun məsafəli uçuşlar zamanı potensial dayanacaq nöqtəsi kimi istifadə oluna bilərdi. Qeyd olunur ki, İsrail dekabr ayında Somalilendi rəsmən tanıyan ilk ölkə olub. Birləşmiş Ərəb Əmirlikləri isə Somalilendin Berbera liman şəhərində geniş kommersiya və hərbi mövcudluğa malikdir.

CNN Somalilenddə gizli İsrail hərbi obyektlərindən istifadə barədə ilk dəfə məlumat verdiyini və bu məsələ ilə bağlı Somalilendin xarici işlər nazirliyinə də şərh üçün müraciət etdiyini bildirib.

Məqalədə qeyd olunur ki, İsrail ordusu İranla müharibənin müəyyən mərhələsində İraqda da iki gizli obyekt saxlayıb. Bu obyektlər logistika dəstəyi, həmçinin zərurət yaranacağı halda axtarış-xilasetmə əməliyyatları üçün irəli bazalar kimi istifadə olunub. İraqdakı iki məntəqə barədə daha əvvəl “The Wall Street Journal” və “The New York Times” məlumat yaymışdı.

İraq ordusu isə açıqlamasında mart ayının əvvəlindən etibarən ölkədə “icazəsiz bazalar və ya qüvvələr” olmadığını bildirib.

CNN yazır ki, İsrail İranla müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə də “Dəmir günbəz” hava hücumundan müdafiə batareyasını və bu sistemi idarə edəcək hərbçiləri səssiz şəkildə yerləşdirib. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinə digər müdafiə sistemlərinin də göndərildiyi bildirilir. Bu barədə ilk olaraq “Axios” məlumat yaymışdı.

CNN daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu, Mossad rəhbəri və İsrail ordusu başçısının müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyini yazmışdı. Birləşmiş Ərəb Əmirlikləri isə bu məlumatı qəti şəkildə təkzib etmişdi.

Azərbaycan İsrail üçün strateji tərəfdaş kimi təqdim olunur

CNN-in məqaləsində Azərbaycan İsrailin İrana qarşı strategiyasında mühüm tərəfdaş kimi təqdim olunur. Bildirilir ki, Azərbaycandakı hərbi mövcudluq İsrailə həm vurulmuş pilotların xilas edilməsi üçün hava əməliyyatları keçirmək imkanı verib, həm də İranı izləmək üçün əlavə mövqelər yaradıb.

Mənbələrin sözlərinə görə, hazırlıqlar müharibənin ilk zərbələrindən bir neçə həftə əvvəl başlayıb. Yanvarın ortalarında, İran genişmiqyaslı etirazları nümayişçilərin kütləvi şəkildə öldürülməsi ilə yatırdığı vaxt İsrail Azərbaycan-İran sərhədi boyunca gizli missiya hazırlayıb.

Planlardan xəbərdar olan iki mənbə CNN-ə bildirib ki, bu missiya sonrakı əməliyyatlar üçün ilkin zəmin yaratmaq məqsədi daşıyıb. Həmin əməliyyat çərçivəsində bölgədə dinləmə cihazları və kəşfiyyat avadanlıqlarının quraşdırıldığı iddia olunur.

CNN-in məlumatına görə, İsrail bu əməliyyatı yanvarın ortalarında müharibənin ilk zərbələri kimi nəzərdə tutulan hücumların pərdəsi altında həyata keçirməyi planlaşdırırdı. Lakin ABŞ Prezidenti Donald Tramp son anda zərbələri dayandırıb. Tramp bunu İranın nümayişçilərin öldürülməsini dayandırmağa razılaşması ilə əsaslandırıb.

Bundan sonra İsrailin əməliyyatı təkbaşına davam etdirdiyi bildirilir.

Mənbələr onu da deyiblər ki, İsrail Hərbi Hava Qüvvələri dinləmə cihazları və kəşfiyyat avadanlıqlarının quraşdırılması üçün gizli qırıcı təyyarələrdən və xüsusi təyinatlı qüvvələrdən istifadə edib. İsrailin siyasi rəhbərliyi ABŞ və İran arasında danışıqların uğursuzluğa məhkum olduğunu düşünürdü.

CNN yazır ki, həmin kəşfiyyat məntəqəsi İsrailə İran ordusunun hərəkətləri və hərbi obyektləri barədə məlumat toplamaq, eləcə də mümkün raket buraxılışları barədə erkən xəbərdarlıq əldə etmək imkanı verib.

Gideon Saarın Bakı səfəri və gizli danışıqlar

Məqalədə qeyd olunur ki, bu hadisələrdən təxminən iki həftə sonra İsrailin xarici işlər naziri Gideon Saar Bakıya səfər edib. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli rəsmilərlə görüşüb.

2025-ci ilin mayında Azərbaycan İsrail və Suriya arasında birbaşa danışıqlara gizli şəkildə ev sahibliyi edib.

CNN-in mənbələrindən biri Azərbaycandan həyata keçirilən əsas əməliyyatlardan biri kimi martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinə rəhbərlik edən Rəhman Moqəddəmin öldürülməsini göstərib. İsrail onun 2024-cü ildə Donald Trampa qarşı sui-qəsd cəhdinin planlaşdırılmasına görə məsuliyyət daşıdığını bildirmişdi.

Bir gün sonra Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən hava limanına dron zərbələri endirilib. Hücum nəticəsində terminal binasına ziyan dəyib və bir neçə nəfər yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev buna görə İranı ittiham edib. O, hadisəni “terror aktı”, “çirkin, qorxaq və rüsvayçı” əməl adlandırıb. İran isə dronları buraxdığını təkzib edib.

Martın 6-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti kritik infrastruktura, həmçinin İsrail və yəhudi hədəflərinə qarşı hücum planlaşdıran İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı şəbəkənin ifşa edildiyini açıqlayıb.

CNN yazır ki, bir neçə həftə sonra İsrail bu əməliyyatın Mossad, İsrail ordusu və Şin Bet təhlükəsizlik xidmətinin iştirakı ilə həyata keçirilən birgə əməliyyat olduğunu açıq şəkildə təsdiqləyib.

Azərbaycan və İsrail arasında hərbi və enerji əlaqələri

CNN-in məqaləsində qeyd olunur ki, İsrail və Azərbaycan arasında kommersiya və hərbi maraqlara əsaslanan sıx əlaqələr mövcuddur. Azərbaycan İsrailə neftin mühüm hissəsini tədarük edir. Bunun müqabilində İsrail Azərbaycana qabaqcıl silah sistemləri satır.

İsrail istehsalı olan bəzi silahlar 2016 və 2020-ci illərdə Ermənistanla müharibə zamanı istifadə edilib. Azərbaycan həmçinin 2016-cı ildə İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini alan ilk xarici ölkə olub.

İran üzrə mütəxəssis, “Begin-Sadat” Strateji Araşdırmalar Mərkəzinin eksperti Gerşon Koqan İran müharibəsi başlamazdan əvvəl yazırdı ki, İsrailin Azərbaycandakı strategiyası qəsdən aşağı profilli qalır. Onun fikrincə, bu strategiya silah transferlərinə, kəşfiyyat əməkdaşlığına və təhlükəsizlik sektorunda uzunmüddətli texnoloji qarşılıqlı asılılığa əsaslanır.

“Crisis Group”un baş analitiki Coşua Kuçeranın sözlərinə görə, Azərbaycanla İsrail arasındakı münasibətlər Bakıya mühüm diplomatik resurs da verir. Kuçera hesab edir ki, bu münasibətlər Azərbaycan üçün Vaşinqtonda İsrail lobbisinin imkanlarından istifadə baxımından əhəmiyyətlidir.

“Azərbaycan getdikcə özünü regional güc kimi mövqeləndirməyə çalışır və bu, bəzən İsrail ilə ərəb və digər dövlətlər arasında bir növ körpü rolunu oynamağı da əhatə edir”, – Kuçera CNN-ə bildirib.

O əlavə edib ki, əgər İsrail Azərbaycana İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizədə kömək edən bir vasitədirsə, bu, çox gizli şəkildə həyata keçirilir.

Ayxan Hacızadə: “CNN-dən təkzib gözləyirik”

Azərbaycan Xarici İşlər Nazirliyi CNN-in 5 iyunda dərc etdiyi məqalədə yer alan iddialara etiraz edib. Nazirlik bildirir ki, Azərbaycan ərazisinin İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə olunması, həmçinin İsrailə məxsus qüvvələrin ölkə ərazisində yerləşdirilməsi barədə deyilənlər əsassızdır.

Nazirlik iddia edir ki, materialda anonim mənbələrə əsaslanan məlumatlar dərc olunub, Azərbaycanın rəsmi mövqeyi isə nəzərə alınmayıb. XİN bunu jurnalistikanın obyektivlik və qərəzsizlik prinsipləri ilə ziddiyyət təşkil edən yanaşma kimi qiymətləndirib.

Qurumun açıqlamasında qeyd olunur ki, Azərbaycan ərazisinin üçüncü dövlətlərə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya “digər düşmən xarakterli məqsədlər” üçün istifadə edilməsinə heç vaxt icazə verilməyib və verilməyəcək.

XİN bu iddiaları “dezinformasiya cəhdi” adlandırıb və CNN-dən məqalənin təkzib olunmasını gözlədiyini bildirib.