“Abzas Media” GIJN-nin yeni üzvləri sırasına qəbul edilib

“Abzas Media” Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsinin (GIJN) yeni üzvləri sırasına qəbul edilib.
Şəbəkənin bununla bağlı məlumatında qeyd edilir ki, qurumun idarə Heyətinin yekdil qərarı ilə qəbul olunan 10 yeni üzvdən biri olan “Abzas Media” korrupsiya, vəzifədən sui-istifadə və idarəetmədəki sistemli problemlərin araşdırılması istiqamətində fəaliyyəti ilə seçilib.
GIJN “Abzas Media”nı Azərbaycanda 2016-cı ildə yaradılmış müstəqil və qeyri-kommersiya araşdırma jurnalistikası orqanı kimi təqdim edir. Şəbəkənin məlumatında bildirilir ki, media qurumu son dövrlərdə dövlət təzyiqləri və jurnalistlərinin həbsləri fonunda fəaliyyətini sürgündə davam etdirməyə məcbur olub.
““Abzas Media” sənəd təhlili, açıq mənbə araşdırmaları, məlumatların analizi və sahə araşdırmalarından istifadə edərək ictimai vəsaitlərin xərclənməsi, qanunsuz maliyyə axınları, yüksək vəzifəli şəxslərin maraq toqquşmaları və ictimai etimadın pozulması kimi mövzularda araşdırmalar hazırlayır. Materiallar müxtəlif formatlarda, o cümlədən geniş auditoriyaya malik “YouTube” platforması vasitəsilə yayımlanır” - təşkilatın məlumatında qeyd edilir.
GIJN-in icraçı direktoru Emilia Dias-Strak yeni üzvlərin qəbulunu şərh edərək bildirib ki, bu təşkilatların hakimiyyət institutlarını hesabatlı etməyə yönəlmiş fəaliyyəti bütün şəbəkə üçün ilham mənbəyidir.
“Araşdırmaçı jurnalistikaya sadiq və əməkdaşlığa açıq yeni üzvlərin qoşulması bütün icmamızı daha da gücləndirir”, - Emilia Dias-Strak əlavə edib.
Yeni üzvlərin qoşulması ilə GIJN-in üzvlərinin sayı 90-dan çox ölkədə fəaliyyət göstərən 266 təşkilata çatıb. Bu dəfə qəbul edilən təşkilatlar arasında sürgündə fəaliyyət göstərən redaksiyalar, iqlim dəyişikliyi və ətraf mühit problemləri üzrə araşdırmalar aparan media qurumları, eləcə də insan hüquqları pozuntuları və mütəşəkkil cinayətkarlığı araşdıran təşkilatlar yer alır.