Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernizasiyadan sonra istifadəyə verildi

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun ən strateji yükdaşıma marşrutlarından sayılan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmə işlərindən sonra açılış mərasimi keçirilib.

Mühüm regional tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrişivili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, eləcə də hər üç dövlətin dəmir yolu qurumlarının rəhbər heyəti iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ-nin yenidən qurulmasını Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı uğurlu əməkdaşlığın məhsulu kimi dəyərləndirib. Hökumət başçısı görülən işlərin müasir standartlara tam cavab verdiyini, bunun sayəsində marşrutun regional yükdaşımalardakı rolunun və regionun tranzit potensialının ciddi şəkildə yüksəldiyini vurğulayıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili isə öz növbəsində BTQ-nin Çin, Mərkəzi Asiya və Avropa qitələrini bir araya gətirərək iqtisadi inteqrasiyaya təkan verdiyini qeyd edib. Nazirin fikrincə, yenilənmiş bu infrastruktur həm Azərbaycanın, həm də Gürcüstanın regional nəqliyyat sistemindəki çəkisini artıracaq və Orta Dəhlizlə qeydə alınan yük axınının fonunda BTQ-nin mövqeyini daha da gücləndirəcək.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışı zamanı xatırladıb ki, BTQ-nin hələ 2017-ci ildə fəaliyyətə başlaması Avrasiya nəqliyyat əlaqələrində yeni bir dönəmin başlanğıcı olub. O, xəttin modernləşdirilməsinin Azərbaycanın davamlı investisiya sadiqliyini nümayiş etdirdiyini və layihəni Orta Dəhlizin ana dayağına çevirmək məqsədi daşıyan strateji addım olduğunu bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə bu layihəni üç ölkə arasındakı etibarlı tərəfdaşlığın bariz sübutu adlandırıb. Nazir vurğulayıb ki, uğurlu sonluqla yekunlaşan bu iş birgə məqsədyönlü fəaliyyətin nəticəsidir və artıq BTQ Avrasiyanın nəqliyyat xəritəsində həm Qafqazı, həm də Türkiyəni daha strateji bir mövqeyə çıxarır.

Çıxışlardan sonra rəsmilər tərəfindən BTQ-nin modernizasiyadan sonra yenidən istifadəyə verilməsini ifadə edən rəmzi düymə sıxılıb və layihədən bəhs edən videoçarx təqdim olunub.

 

Nələr dəyişdi?

Xatırladaq ki, Orta Dəhlizin mühüm seqmenti olan BTQ-nin ötürücülük imkanlarını genişləndirmək məqsədilə 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik sahəsində genişmiqyaslı modernləşdirmə işləri həyata keçirilib.

Ümumilikdə 5 mərhələni əhatə edən nəhəng layihə çərçivəsində aşağıdakı işlər görülüb:

13 dəmir yolu stansiyası, 55 körpü və 8 dartı yarımstansiyası tam yenilənib;

320 bina və süni mühəndis qurğusu (körpü, yolötürücü, keçidlər və s.) rekonstruksiya olunub;

30,3 km uzunluğunda tamamilə yeni dəmir yolu xətti inşa edilib;

Xüsusi təkər cütlərinin dəyişdirilməsi stansiyası qurulub;

Mövcud yolun 153,1 km-lik hissəsi reabilitasiya və bərpa edilib.

Görülmüş bu kompleks tədbirlər nəticəsində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin illik yükdaşıma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bununla da xətt Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən funksional və səmərəli quru marşrutlarından birinə çevrilib.