BMT: Dünyada 113 milyon insan aclıq içindədir

Müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan artıq insan aclıq yaşayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) yaydığı hesabatda bu barədə bildirilir.

Sənədə görə, bu insanların çoxu Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan və Suriya kimi müharibə gedən ölkələrdir. Afrika ölkələri bu problemdən yan keçməyib. Qitədə təqribən 72 milyon insan aclıq yaşayır.

Hesabata görə, münaqişələr və təhlükəsizlik problemləri bunun əsas səbəbidir, lakin iqtisadi eniş-yoxuşlar, iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq, yaxud əksinə sel kimi fəlakətlər də təsir qoyur.

Qurum, qıtlığın astanasında olan  ölkələrin 80 faizində kənd təsərrüfatı ilə bağlı problemlər olduğunu bildirib. Buna görə ölkələrin həm təcili humanitar yardımı, həm də təsərrüfata dəstəkləməyə yardımçı olacaq tədbirlərə ehtiyacının olduğu vurğulanıb.