Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyat keçirib.
APA yazır ki, əməliyyatlar qurumun Ağdaş, Cəbrayıl, Saatlı və Bakının Qaradağ rayon şöbələrində aparılıb. Bildirilir ki, korrupsiya iddiaları ilə bağlı bir sıra vəzifəli şəxslər saxlanılıb.
“Saxlanılan şəxslər artıq Bakıya gətirib və onlar barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcəyi gözlənilir”, - deyə məlumatda vurğulanır.
Yerli medianın yazdığına görə, ittiham verilən şəxslər arasında Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu, Qaradağ rayon şöbəsinin əməkdaşları Etibar Əliyev və Şamil Alıyev də var.
Həmin şəxslərin Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (təkrar rüşvət alma) və digər maddələrlə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Qurumun ilin əvvəlində yaydığı məlumata görə, 2025-ci il ərzində 172 əməkdaşla bağlı intizam tədbirləri və təşkilati-ştat qərarları tətbiq olunub. Onların 65-i rəhbər vəzifələrdə çalışan şəxslər olub.
Bildirilib ki, ümumilikdə 44 fakt üzrə 93 nəfərlə bağlı toplanmış materiallar prosessual qərar verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.
Bir sıra rayon hərbi kommisarlıqlarında əməliyyat keçirilib, saxlanılanlar var