Siyasi məhbus zindanda dünyasını dəyişdi

1961-ci il təvəllüdlü Lənkəran şəhər sakini, siyasi məhbus İlham Müştəba oğlu Hacıyev 14 mart 2026-cı il tarixində Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişsə də ailəsinə onun ölüm xəbərini 3 gün sonra veriblər.
65 yaşlı İlham Hacıyev şəkər xəstəliyindən əziyyət çəkirmiş. O, zindanda bir gözündən əməliyyat olunub.
Qeyd edək ki, İlham Hacıyev Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində,
2023-cü ilin 1 fevral tarixində Lənkəranda həbs edilib.
Siyasi məhbus İlham Hacıyevə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il həbs cəzası verilib. O, istintaq müddətində 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılıb. Məhkəmədən sonra 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bir müddət "Tubzonda" (Pentensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisi) saxlanılıb.
Daha sonra səhhətində yaranan ciddi problemlərə görə Pentensiar Xidmətin Müalicə Müəssisinə köçürülüb və orada dünyasını dəyişib.
Hacı İlham Lənkəranda çox hörmətli dindarlardan olub. Böyük izzətə, hörmətə sahib olan İlham Hacıyevin ölümü onu tanıyanların qəlbini yandırıb.
Heç bir günahı olmayan, hörmətli, əxlaqlı bir dindarı narkotik ittihamı ilə şərləyib həbs etmək və onun şəkilini narkokuriyerlərin şəkilləri ilə yanaşı iqtidar mediasında "Lənkəranda narkotik satışı ilə məşğul olan 44 nəfərlik qrup saxlanıldı" başlığı ilə paylaşmaq vətəndaşa mənəvi işgəncə verməkdir. Kimdir müqəssir?
Hacı İlham Hacıyev ölkədəki zülmün Şəhidi oldu.
Allah rəhmət eləsin
P.S
1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılarkən İlham Hacıyevin başına gətirilən oyunu onun ölümündən sonra eşitdim və mənə çox ağır gəldi.
Deməli, İlham Hacıyevə hökm oxunandan sonra İstintaq Təcridxanasının əməkdaşları ona yaxınlaşıb gözaydınlığı verirlər və deyirlər ki, əşyalarını yığ, gedirsən evə.
Təsəvvür edirsiz, yaşlı, xəstə və heç bir günahı olmadan, şərləyib həbs edilən bir insan bu xəbərdən necə sevinib. O, bütün əşyalarını yığıb, ətrafindakiların ona verdiyi gözaydınlığı, xoş sözlərin təsiri altında minib Pentensiarın maşınına və onu 10 saylı Cəzaçəkmə Müəssisəsinə təhvil veriblər. Ləyaqətsizlərin bu psixoloji zərbəsindən İlham Hacıyev uzun müddət özünə gələ bilməyib.
 
Arzu Abdullah