Baş nazir Akif Əlini işdən çıxardı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb. 

 

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

 

 

Xatırladaq ki, Akif əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

 

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

 

Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb. Anası Şəhla Məhərrəmova, evdar qadın olub(1928-2008) .

 

Akif Əli Bakı şəhərindəki 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib.

 

"Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub (1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:

 

-"Uzun müharibədə qısa görüşlər” ("Tacikfilm” və "Lenfilm” k/st. birgə istehsalı, 1974) – Rüstəm;

– "Tütək səsi” ("Azərbaycanfilm” kst., 1975) – Tapdıq;

– "Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;

– "Arxadan vurulan zərbə” ("Azərbaycanfilm” kst., 1977) – Fazil müəllim

və b. obrazları yaradıb.

 

1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:

– Radionun "Satira və yumor” şöbəsinin müdiri işləyərkən (1981-1983) bir neçə populyar radio verilişinin ("Sabahınız xeyir”, "Molla Nəsrəddin”, "Gülüş axşamı”);

– Televiziyanın "Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya proqramlarının ("Zəriflik”, "Aygün”, "İdrak”, "Tələbə dünyası”, "7 sual, 7 cavab” televiktorinası, "Teleteatrda gənclər gecəsi”, "Çay, çay, çay!”, "Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).

 

Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, "Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).

Filologiya elmləri üzrə Fəlsəfə Doktoru (1988), dosentdir (2000).

 

Akif Əli 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu orqanlardan olan "Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin baş redaktoru olub.

 

Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ həqiqətləri, qaçqın soydaşlarımızın problemləri,  klassik irsimiz, kulturologiya, maarifçilik və digər  mövzularda çoxlu sayda məqalələri dərc olunub.

 

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) "Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə "Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, "Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.

modern.az