Əlilliyi olan şəxslər üçün dövlət büdcəsilə keçirilməyən tibbi xidmətlərin növləri müəyyənləşib

Nazirlər Kabineti "Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.
 
Qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
 
Bu barədə "Report” məlumat verir.
 
Sənədə əsasən, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər bunlardır:
 
1.xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit "B” və hepatit "C” xəstəlikləri istisna olmaqla),
 
2.tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla),
 
3.tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr,
 
4.cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr,
 
5.reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar,
 
6.xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması,
 
7.kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması,
 
8.qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.