Müsavatın mitinqlə bağlı müraciətinə cavab gəlib

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqlə əlaqədar müraciətə cavab verib.
 
Partiya başqanının müavini Razim Əmiraslanlı Bastainfo.com-a deyib ki, meriya aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. Meriya öz qərarını Müsavatın yürüş-mitinq üçün seçdiyi marşrutda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirib.
 
Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli paytaxt rəhbərliyinin qərarının qanunsuz olduğunu bildirib, bunu ölkədə sərbəst toplaşma azadlığının növbəti dəfə kobud surətdə pozulması kimi qiymətləndirib.
 
Müsavat Partiyası paytaxtın iki məkanından birində aksiya keçirmək istəyirdi: "20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinq; Süleyman Sani Axundov küçəsindən "Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş, orada mitinq.
 
Aksiyada "Siyasi məhbuslara azadlıq!”, "Sərbəst toplaşma azadlığı təmin edilsin!”, "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!” və digər tələblər irəli sürmək planlaşdırılırdı.
 
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 12-də siyasi məhbus kimi tanınan şəxslərə azadlıq tələbi ilə keçirmək istədiyi mitinqə də icazə verməmişdi.