Neftin qiyməti ucuzlaşır: Azərbaycan iqtisadiyyatı problem yaşaya bilər

OPEC+-un apreldə hasilat artımını planlaşdırdığı kimi davam etdirəcəyini bildirməsi və bazarlar ABŞ-nin Kanada, Meksika və Çinə tətbiq edəcəyi tariflərə hazırlaşması səbəbindən neft qiymətləri martın 4-də daha da ucuzlaşıb.
Hazırda Brent markalı neftin fyuçersləri 49 sent və ya 0.7% ucuzlaşaraq 71.13 dollar/barelə düşərkən, ABŞ-nin WTI markalı nefti isə 26 sent və ya 0.4% azalaraq 68.11 dollar/barelə enib.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür.
“Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxındır, amma, martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil”.
“Neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni, ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln., ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir. Amma, bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq. Hörmətli hökumət üzvləri, sizin “komfort zonasından” çıxıb ölkənin gələcəyi ilə bağlı ciddi islahatlar etmək fikriniz varmı, yoxsa, hələ də, “Allah kərimdir”, və ya, “müvəqqəti çətinliyə görə üzr istəyirik”, konsepsiyanızı davam etdirmək istəyirsiniz?!”- iqtisadçı bildirib.
 
 
MeydanTv