CPJ MeydanTV jurnalistlərinə əlavə ittihamların verilməsini pisləyir

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətinin həbsdə olan MeydanTV jurnalistlərinə əlavə ittihamların verilməsini, bu iş üzrə fotojurnalist Əhməd Muxtarın da saxlanmasını pisləyən bəyanat yayıb.

Qurumun Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid son maliyyə ittihamlarının bu yaxınlarda uzunmüddətli həbsə məhkum edilmiş "AbzasMedia" jurnalistlərinə verilən ittihamlarla oxşar olduğunu deyir, bunun isə Azərbaycanda müstəqil media təzyiqlərin "görünməmiş" həddə çatmasının göstəricisi sayır.

"Azərbaycan son təzyiq kampaniyası çərçivəsində haqsız yerə həbs edilmiş 20-dən çox jurnalist və media işçisini, o cümlədən son həbs olunan Əhməd Muxtarı azad etməlidir", – G.Səid bildirib.

Avqustun 28-də "MeydanTV işi" üzrə qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş 10 jurnalistə qanunsuz sahibkarlıq, vergidən yayınma kimi əlavə yeddi ittiham da irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

"AbzasMedia işi" üzrə yeddi jurnalistə də oxşar ittihamlar verilib. AzadlıqRadiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə daxil olmaqla bu iş üzrə təqsirləndirilənlərə 7 il 6 aydan 9 iləcən həbs cəzası kəsilib.

CPJ Ə.Muxtara ittihamları dəqiqləşdirə bilmədiyini yazır. Fotojurnalist ötən ilin dekabrında MeydanTV jurnalistləri tutulanda saxlanıb, xuliqanlıq və polisə müqavimət ittihamıyla 20 sutka həbs olunmuşdu.

2023-cü ildən bəri azı 21 jurnalist və media işçisi qanunsuz maliyyələşmə ittihamları ilə saxlanılıb. Onlar ittihamları rədd edir, araşdırmaçı, tənqidçi peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.