Londonda İsrail səfirliyi qarşısında Qəzzada aclığa etiraz aksiyası keçirilib

İngiltərədə fələstinli tərəfdarlar İsrailin aclıq və qıtlıq hökm sürdüyü Qəzzada humanitar böhrana diqqət çəkmək üçün İsrailin Londondakı səfirliyi qarşısında qazan və tavalarla etiraz aksiyası keçirib.

Minlərlə fələstinli tərəfdar İsrailin hücumları və blokadası altında olan Qəzzada aclıq və qıtlığa qarşı olduqlarını nümayiş etdirmək üçün İsrailin London səfirliyi qarşısına toplaşıb.

Nümayişçilər İsrailin fələstinliləri aclıqdan öldürməsinə etiraz olaraq qazan və tavaları qaşıqlarla döyərək Qəzzada aclıqdan ölən dinc sakinlərə diqqət çəkiblər.

“Azad Fələstinə” və “Soyqırımı dayandırın” kimi şüarlar səsləndirən nümayişçilər İsrailin Qəzzanı işğal etmək planlarına da etiraz ediblər.

İsrail tərəfdarlarından ibarət kiçik bir qrup da səfirliyin yaxınlığında əks-mitinq keçirib. Bəzi İsrail tərəfdarları Fələstin tərəfdarlarının yerləşdiyi əraziyə daxil olaraq iğtişaş törətməyə cəhd ediblər. İngilis polisi iki qrup arasında müdaxilə edərək, əks etirazçıları bir-birindən uzaqlaşdırıb.

 

“Britaniya İsrailə qarşı konkret addım atmır”

Etirazın əsas təşkilatçılarından olan Fələstin Həmrəyliyi Kampaniyasının (PSC) direktoru Ben Camal səfirliyin qarşısında qurulan platformada çıxış edərək, Britaniya hökumətinin ritorik olaraq İsrailin hərəkətlərinə qarşı olduğunu, lakin konkret addım atmadığını bildirib.

Camal, "İngiltərə İsrailə hərbi, diplomatik və iqtisadi dəstək verməyə davam edərək 21-ci əsrin ən vəhşi cinayətlərinə ortaqdır. Dərhal silah embarqosu elan edilməli, bütün hərbi əməkdaşlığa son qoyulmalı və İsrailin soyqırım hərəkətləri sanksiyalarla cəzalandırılmalıdır" deyib.

 

IPC Hesabatı

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi monitorinq təşkilatı olan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) son hesabatında, 15 avqust 2025-ci il tarixinə Qəzza şəhərində aclığın olduğunu (ƏMQ-nin 5-ci səviyyəsi, fəlakətli səviyyə kimi tanınır) əsaslı dəlillərlə təsdiqləyib.

IPC hesabatında deyilir ki, “22 aylıq amansız qarşıdurmadan sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitlə üzləşir”.