Əlizamin Salayev aclıq aksiyasını dayandırdı

Həbxanada 115 gündür ki, aclıq aksiyası keçirən AXCP fəalı Əlizamin Salayevin bu gün aclığı dayandırdığı bildirilir.

Toplum TV xəbər verir ki, bu barədə iyunun 1-də AXCP üzvü Ceyhun Novruzov sosial şəbəkə hesabında məlumat yayıb. 

Novruzov qeyd edib ki, aclıq aksiyasının dayandırılması barədə xəbəri Salayevin özü ona zəng edərək bildirib. 

Onun sözlərinə görə, Salayevin aksiyanı dayandırmasına səbəb onun işinə "Apellyasiya Məhkəməsində düzgün baxılacağına dair verilən söz" olub. Amma "söz verən şəxsin" kimliyi açıqlanmayıb. 

Xatırlatma

Əlizamin Salayev fevralın 7-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3 – cü maddəsilə (xuliqanlıq-silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda hakim Salayevi 4 il müddətinə azadlıqdan məhrum etmək barədə qərar çıxarıb. 

Salayev həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 100 gündən çoxdur ki, aclıq aksiyası keçirir. 

ABŞ Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan hakimiyyətinə Əlizamin Salayevi və digər siyasi məhbusları azad etməklə bağlı çağırış edib.