İsrail səfirliyi önündə aksiya keçirmək istəyən fəallar saxlanıldı - Foto - Yenilәnib

17:45. Mәlumata görә, polis tәrәfindәn saxlanılan Müsәlman Birliyi Hәrәkatının üzvü Bәxtiyar Bağırova 10 sutka inzibati hәbs cәzası verilib. O, İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci (Polisә tabesizlik) maddәsini pozmaqda tәqsirli bilinib. Adıçәkilәn şәxsin hazırda Binәqәdidә yerlәşәn İnzibati hәbs olunanların saxlanma yerinә göndәrildiyi bildirilir.
***

Bir qrup şəxs Bakıda yerləşən İsrail səfirliyinin önündə aksiya keçirməyə cəhd edib. 

Rakurs TV-nin məlumatına görə, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının və Müsəlman Birliyi Hərəkatının bir qrup fəalı İsrail səfirliyi önündə aksiya keçirmək istəyib. Onlar bu addımı "Qüds günü" ilə bağlı atmaq istəyiblər. 

Məlumata görə, İsrail səfirliyinə gedən yollar bağlanıb. Səfirliyə doğru hərəkət edən fəalların qarşısı isə yolda kəsilib. Rövşən Əhmədli, Bəxtiyar Bağırov və adları məlum olmayan bir neçə digər fəal saxlanılaraq, Yasamal rayonu 27-ci Polis Bölməsinə aparılıb. Onların hazırda bölmədə olduğu bildirilir.

İran İslam İnqilabının rəhbəri Ruhullah Xomeyninin fətvasına əsasən, Ramazan ayının son Cümə günü Beynəlxalq Qüds Günü kimi qeyd olunur. Bu gün dünyanın hər yerində İsrailin Fələstini işğal etməsinə etiraz olaraq, nümayişlər, yürüşlər və aksiyalar keçirilir.