İsrail Qəzzadakı müharibə hədəfinə nə dərəcədə yaxındır?

Artıq həftələrdir ki, İsrail Qəzzada quru əməliyyatlarına başlayıb. İsrailin Həmas silahlı qruplaşmasına qarşı həyata keçirdiyi hava hücumları isə bir aydan çoxdur davam edir.

Rəsmi Təl-Əviv hərbi əməliyyatlara Həmasın oktyabrın 7-də İsrailə etdiyi və 1400-dən çox insanın ölümünə səbəb olan hücumlardan sonra başlayıb.

İsrail bəyan edib ki, əks-hücumlarda əsas hərbi hədəf Həmas qruplaşmasını həm siyasi, həm də hərbi baxımdan darmadağın etməkdir. Bəs İsrail bu hədəfinə nə dərəcədə yaxındır və ümumiyyətlə, bu, realdırmı?

İsrail tərəfinin fikrincə, bunlar hələ ilk günlərdir və dəfələrlə bildirib ki, əməliyyat daha uzunmüddətli və çətin olacaq.

İsrail Müdafiə Qüvvələrinin BBC-yə danışan rəsmilərindən biri baş verənləri boks yarışı ilə müqayisə edir:

“Bu, sadəcə 15 raundlu mübarizənin 4-cü raundudur”, - israilli mənbə bildirib. Qəzza zolağında atəşkəsin və ya müvəqqəti fasilənin təmin olunması ilə bağlı beynəlxalq təzyiqlər artsa da, İsrail döyüşləri davam etdirmək niyyətindədir.

Hərbi itkilər

İsrailin açıqlamasına görə, o, bugünədək 14 mindən çox hava hücumu həyata keçirib və Həmasın yüksək hərbi mövqelərini, eləcə də yüksək rütbəli komandirlərini məhv edib.

Hərbi ekspert və Jerusalem Post qəzetinin keçmiş redaktoru Yaakov Katz deyir ki, İsrail bugünədək 23 mindən çox sursat istifadə edib.

Müqayisə üçün bildirək ki, Qərb müttəfiqləri Mosul uğrunda gedən döyüşlərdə İŞİD hədəflərinə həftədə 500 bomba atırdı.

Həmasın səhiyyə nazirliyi bildirib ki, müharibə başlayandan bəri 11 mindən çox insan öldürülüb, onlardan 4500-ə yaxını uşaqlardır.

İsrail ordu qüvvələri qeyd edib ki, quru qoşunları Qəzza zolağını şimal və cənub olmaqla iki hissəyə ayırıb və Qəzza şəhərini mühasirəyə alıblar.

Qurumun açıqlamasına görə, hərbçilər artıq “şəhərin mərkəzindədir”, bu isə o deməkdir ki, İsrail bölgəni nəzarətə götürməklə bağlı hədəflərindən hələ çox uzaqdır.

Həmas İsrail ordusunun Qəzza şəhərinin içərilərinə doğru irəliləməsi ilə bağlı iddialarını rədd edib.

İsrail Həması təcridetmə ilə bağlı başlatdığı planın birinci fazasının uğurla davam etdiyini bildirib və əgər belədirsə, o zaman bu, Həmasın böyük itkilər verməsi deməkdir. Müharibə başlayan zaman Həmasın təxminən 30-40 min döyüşçüsünün olduğu deyilir.

İsrail Müdafiə Nazirliyinin yüksək rəsmilərindən biri BBC-yə bildirib ki, silahlı qruplaşmaya aid döyüşçülərin 10 faizi və ya 4 minə yaxını öldürülüb. Hazırda bu rəqəmlərin doğru olub-olmadığını yoxlamaq çətindir, lakin İsrailin bombalama kampaniyası Həmasın döyüş qabiliyyətini azaldıb.

İsrail ordusu isə müqayisədə çox az itki verib. Rəsmi Təl-Əviv quru əməliyyatı başlayandan bəri 34 əsgərinin öldüyünü açıqlayıb. Kəşfiyyat və təhlükəsizlik üzrə israilli ekspert Yossi Kuperwasser qeyd edib ki, İsrail orduda itkilərin sayının yüksək olmaması üçün quru əməliyyatlarını “olduqca diqqətli və dəqiqliklə” həyata keçirir.

Hələlik, Həmas döyüşçülərindən neçəsinin şimal ərazidə qaldığı və tunellərdə neçə döyüşçünün olduğu məlum deyil.

Tunellər İsrail üçün döyüşlərdə əhəmiyyətli dərəcədə çətinlik yaradır. İsrail qüvvələri yer altından döyüşməkdən daha çox, həmin tunellərin partladılmasına üstünlük verir.

Şəhərdə müharibə aparmağın çətinlikləri

İsrailin döyüşdə ən mühüm üstünlüyü onun kəşfiyyat və hərbi imkanlarıdır. O, istədiyi vaxt Qəzzada mobil rabitə və internet şəbəkəsi də daxil olmaqla bütün kommunikasiya xətlərinə müdaxilə edə bilir.

Döyüş təyyarələri və dronlar sayəsində yer üstü hədəflər üzərində üstünlüyə malikdir.

İsrail ordusunun yüksək rütbəli zabitlərindən biri BBC-yə bildirib ki, hər gün təxminən 100-ə yaxın yeni hədəflər aşkarlayırlar. Müharibə uzandıqca, quru qoşunları üzərinə ağırlıq daha çox düşür.

Sibylline risk şirkətinin rəhbəri, kəşfiyyat məsələləri üzrə ekspert və Britaniya ordusunun keçmiş zabiti Justin Crump deyir ki, İsrail ordusu hərbi təlim və təchizat baxımından üstün olsa da, şəhər döyüşləri hər zaman çətin olur.

İsrail döyüşlərə nə qədər qüvvə cəlb etdiyini açıqlamasa da, bəziləri Qəzza daxilində 30 minə yaxın israilli döyüşçünün olduğunu deyir. Bu, İsrailin 160 minlik hərbi şəxsi heyətinin, eləcə də 360 minlik ehtiyat qüvvələrin kiçik qismidir.

Crump İsrailin şəhər döyüşlərində hər binanın qarşısında müharibə aparacağına inanmır, ən azından ona görə ki, İsrailin itkiləri çox ola bilər və 200 əsirin həyatını təhlükə altında qoya bilər.

İşğaldan sonrakı plan

İsrailin müharibə hədəflərindən biri olan Həması yox etmək nə dərəcədə əlçatandır?

Hətta yüksək İsrail rəsmiləri etiraf edirlər ki, hər hansı ideologiyanı bomba və güllə ilə dağıtmaq qeyri-mümkündür.

Həmas qruplaşmasının liderlərinin bəziləri heç Qəzzada deyillər. Katz deyir ki, Həmasın bəzi üzvləri sağ qalsa belə, İsrail “regionda (Qəzzada-red.) olduğu üçün qələbəsini” elan edə bilər.

Bunu əsas gətirən Crump isə bildirir ki, İsrailin müharibə hədəfi dəyişə bilər. Beləliklə, İsrailin Həması məhv etmə niyyəti daha çox oktyabrın 7-də baş verən hücumların bir daha təkrarlanmaması əminliyi ilə əvəz edilə bilər.

İsrail müharibədən sonrakı addımları ilə bağlı planlarına təsir göstərən ABŞ-ın ciddi təzyiqi altındadır.

İsrail ordusundan olan bir mənbə bildirib ki, Winston Churchill İkinci Dünya müharibəsi zamanı Almaniyanın yenidən inşa edilməsi ilə bağlı “Marshall Plan”ı barədə düşünmürdü.

Lakin işğal sonrası plan olmadan başlayan müharibələr çox nadir hallarda qələbə ilə başa çatır. Bu amil İsrailin hərbi əməliyyatlarında, ümumiyyətlə, mövcud deyil.