İnanclıların həbsi: Casus kimi təqdim olunur, narkotik ittihamı verilir

Arzu Abdulla: “Vətəndaşını digər ölkə ilə yaranmış problemlərə alət etmək iyrəncdir”

Azərbaycanda artıq bir müddətdir, dini inanclı şəxslər kütləvi şəkildə həbs edilir. Həbslər İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda baş verir və İranın casus şəbəkəsinə qarşı əməliyyat kimi təqdim olunur. Həbs olunan şəxslərin yaxınları isə bununla razılaşmır və həbslərin İranla Azərbaycan arasında münasibətlərin pisləşməsinə görə baş verdiyini deyirlər. Etiraz aksiyası keçirən həbs olunan inanclı şəxslərin yaxınları bildirib ki, hamısı narkotiklə və İrana casusluqda  şərlənib.

Hzırda həbsdə olan Seyran Rzayevin həyat yoldaşı Fatimə Rzayeva deyir ki, adamların narkotiklə şərlənib, mediada casus kimi təqdim olunması çox ağrılıdır: “Bizə buna görə cavab versinlər. Bu, necə bir işdir?”. “İki ölkə arasında problem ola bilər, müharibə səviyyəsinə də çata bilər, amma acığını öz sadə vətəndaşlarından çıxmaq nə qədər absurddur”, – həbs olunan Afiq Qurbanovun həyat yoldaşı Təhminə Qurbanova deyir.

Ruhulla Novruzzadənin bacısı Zəhra Süleymanovanın sözlərinə görə isə həbs olunanların heç birinin ittihamında İrana casusluq maddəsi yoxdur, narkotik var. Amma istintaqda sual verəndə yalnız İran barədə soruşurlar: “Bu da onu göstərir ki, narkotik bəhanədir. Sadəcə uzun müddətə həbs etmək üçün bu maddəni qoyublar. İranın yolları bağlıdır. Bu adamlar necə gedib İrandan narkotik maddə gətirə bilər? Özü də min nəfər”. Həbs olunan inanclı şəxslərin sayı və kimliyi haqqında dəqiq məlumatlar rəsmi qurumlar tərəfindən ictimaiyyətə açıqlanmır.

Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqlasa da, bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.

Bu il, fevralın 1-də Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının xüsusi əməliyyat keçirdiyini bəyanladı. Məlumatda deyilirdi ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Lakin saxlanılan şəxslərin kimliyi, həmçinin onların hansı maddələrlə ittiham olunması barədə ictimaiyyətə məlumat verilmədi.

Martın 3-də Azərbaycan İslam Partiyasının üzvü Səbuhi Səlimov həbsxanada vəfat edib. O, 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib. Lakin Səbuhi Səlimov bu ittihamları rədd edirdi. Onun yas mərasiminə gələn şəxslərin mütləq əksəriyyəti ya həbs olunub, ya da istintaqa cəlb olunub.

Martın 12-də Dövlət Təhlükəsizliyi Xidməti, DİN və Baş Prokurorluq tərəfindən inanclı şəxslərə qarşı ilk əməliyyat keçirildiyi haqda rəsmi açıqlama yayıldı. Həmin gün 32 nəfər saxlanıldığı barədə ictimaiyyətə məlumat verildi.

Onların casusluqdan narkotik vasitələrin dövriyyəsinə qədər müxtəlif maddələrlə ittiham olunduğu bildirilsə də, detallar indiyədək məlum deyil. Martın 28-də Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa evinin qarşısında güllələndiyi bildirildi. Hadisədən bir gün əvvəl DTX xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və tapşırıq əsasında Azərbaycandakı dövlət xadimlərinin izlənməsi, iş saatı və xidməti avtomobilin dövlət qeydiyyat nişanı barədə məlumatların əldə edilməsi və onların güdülməsini həyata keçirən şəxslərin saxlandığını bildirmişdi.

Hadisədən sonra mediada Fazil Mustafanı güllələməkdə təqsirli bilinən 4 nəfərin saxlandığı bildirilib. Saxlanılanlar arasında yenə də narkotik ittihamı alan var. Aprelin əvvəlinə olan məlumata görə, Bakı və rayonlardan həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərə çatıb. Müsəlman Birliyi Hərəkatının (MBH) məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib. Həbs olunanlar arasında keçmiş Nardaran məhbusları da var.

Reaksiyalar

Aprelin 16-da Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayaraq bildirib ki, Azərbaycan-İran arasında münasibətlərin gərginləşməsilə eyni vaxtda Azərbaycanda inanclı vətəndaşların kütləvi şəkildə həbsi, bəzi hallarda həbs edilən şəxslərə işgəncə verilməsi haqda məlumatlardan narahatdır. Milli Şura hakimiyyətə İran casusu axtara-axtara ölkənin indiki halda günahsız olan insanlarını kütləvi şəkildə həbs etməsin deyə çağırış edib.

Müsəlman Birliyi Hərəkatı isə hesab edir ki, bu işin arxasında ölkədə inancın gözdən salınması, şiəliyin təhlükəli cərəyan olaraq təqdimatı gizlənib.

Hərəkatın bəyanatında bildirilib ki, həbslər genişlənincə, elə saxlanılan an “casus”, “narkotik istifadəçisi” kimi məntiqsiz ittihamların yer aldığı gündəm bir müddətdən sonra bu oyunun qurama olduğunu yüzlərcə inanclının həbsi ilə də aydınlatdı. Hərəkat hakimiyyəti davamlı həbsləri dayandırmağa çağırıb.

Beynəlxalq aləmdən də baş verənlərə reaksiyalar olub. ABŞ Dövlət Departamenti mayın 15-də hesabat yayıb və Azərbaycanın din azadlığını kobud şəkildə pozan ölkələr arasında olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda bütün dini fəaliyyət üzərində hökumətin nəzarəti gücləndirilib.

Həbs olunmuş inanclı Bəxtiyar Babaşovun həyat yoldaşı, jurnalist Arzu Abdulla Meydan TV-yə bildirib ki, şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə həbsi bir ilkdir və inanclı şəxslərin narkotik ittihamı ilə şərlənməsinə start 2022-ci ilin sonundan verilib.

“Müsəlman Birliyi Hərəkatının (MBH) fəalları ilə başlandı həbslər. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılan MBH üzvləri Samir Babayev, Nicat Əliyev və Mirtofiq Hüseynov narkotik ittihamı ilə təqsirləndiriliblər. Həbslər bu gün də davam edir. Ötən həftə ölkə ərazisində 20-dən çox dindar saxlanılıb”.

A.Abdulla deyir ki, inanclı şəxslər ölkənin bütün bölgələrində həbs olunur, saxlanılan şəxslərin qohumlarına xəbər vermədən məhkəmə prosesləri keçirilir: “Yaxınları saxlanan şəxsi tapanda bəlli olur ki, o, artıq CM -nın 234.4.3, (nadir halarda 234.1-1) maddəsi ilə ittiham olunub, məhkəmə onun haqqında 4 aylıq istintaq müddəti təyin edib”. Jurnalist qeyd edib ki, narkotiklə ittiham edilən şəxslər ictimaiyyətə “vətən xaini”, “İran casusu”, “Kərimə dövlətinin qurucusu” kimi təqdim edilir:

“Mənim həyat yoldaşım Bəxtiyar Babaşovun heç vaxt xarici pasportu olmayıb. O, heç İrana getməyib. Onu 2023-cü il martın 9-da oğurladılar. Vəkili Zibeydə Sadıqova ilə birgə onu bütün aidiyyatı qurumlardan sorğuladıq. Lakin tapılmadı. DİN-ə müraciət etdik, bu barədə məlumatlarının olmadığını bildirdilər. Martın 11-də vəkili onu Nərimanov Rayon Məhkəməsindən tapdı. Bəlli oldu ki, onu martın 9-da Nəsimi rayonundan yerüstü keçidin altında dayandığı yerdən oğurlayıb Nərimanov polisinə aparıblar. Bəxtiyar Babaşov inanclı olduğuna görə saxlanılıb. Martın ilk ongünlüyündə saxlanılan 33 nəfər inanclını dövlət mediasında xüsusi bir qrup şəklində təqdim etdilər. Guya bunlar İrandan narkotik maddələri Azərbaycana gətirib satırlarmış ki, Azərbaycanda Kərimə dövləti qursunlar. Çox gülünc və absurd iddiadır”.

Arzu Abdullanın fikrincə, İranla bağlı məsələ çox gülüncdür: “Sıravi vətəndaş hansı imkanlara sahibdir, onda hansı dövlət sirləri ola bilər ki, İrana casusluq etsin və ya əlbir olub Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərsin?  Vətəndaşını digər ölkə ilə yaranmış problemlərə alət etmək, vətəndaşını şərləmək, oğurlamaq, dünyaya narkokuryer, narkobaron, casus, vətən xaini kimi təqdim etmək çox iyrəncdir, amma Azərbaycanda artıq illərdir ki, bu hal acı reallığa çevrilib”.