Hüquq müdafiəçisi: Məhkəmə demək olar ki, Bəxtiyar Hacıyevin ifadəsi ilə davam edib

Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, bugünkü məhkəmə prosesində də Bəxtiyar Hacıyev ifadə verib.

“Baxmayaraq ki, başqa mərhələyə keçilməli idi. Amma demək olar ki, bir saat 45 dəqiqə, onun keçən dəfə verdiyi ifadəsinin davamı oldu. Nəyə görə belə çox çəkdi? O ittihamçıya və hakimə bildirir ki, əgər siz mənim istədiyimi deməyə qoymayacaqsınızsa , bu proses siyasi prosesdir, hüquqi proses deyil. Əgər bu hüquqi proses deyilsə, deməli mənim siyasi məsələlər haqqında fikir bildirmək haqqım var. O prosesdə ABŞ Dövlət Departamentinin katibinin Azərbaycan prezidentinə zəngi haqqında danışmaq istədi. Ona da imkan verilmədi”, hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, hakim məhkəmə prosesində ictimai fəalın vəkilin yanında əyləşməsi ilə bağlı vəsatəti də təmin etməyib.

“Tamamilə məlumdur ki, hakimin səlahiyyətində olan məsələ deyil”, hüquq müdafiəçisi əlavə edib.

Növbəti məhkəmə prosesi aprelin 18-nə təyin edilib.

Bundan əvvəlki prosesdə Bəxtiyar Hacıyev öz ifadəsində ittihamın heç bir bəndi üzrə özünü təqsirli bilmədiyini deyib.

“Bəxtiyar Hacıyev qaçaqmalçılıqda özünü təqsirli bildi və hakimlə dövlət ittihamçısının nəzərinə çatdırdı ki, 2020-ci ildə Almaniya və Türkiyədən külli miqdarda pul vəsaiti daxil olub. Bu vəsait 44 günlük Qarabağ müharibəsi zamanı gömrükdə bəyan etmədən ordu bölmələrinə, hərbçilərə ehtiyacları ödəmək üçün sərf edilib. Bəxtiyar Hacıyev bildirdi ki, bu məsələ ilə bağlı prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət edib ki, müdaxilə edilsin və gömrükdə problem yaranmasın. Bu müraciət də təmin edilib. Bu mənada Bəxtiyar Hacıyev 4 il əvvəl qaçaqmalçılıq etdiyini dedi. Əgər bu məsələyə görə qaçaqmalçılıq ittiham irəli sürüləcəksə razı olduğunu qeyd etdi. Lakin ibtidai istintaqın ortaya qoyduğu epizodlar tamamilə uydurmadır. Guya Gürcüstan üzərindən qrant pulların ölkəyə gətirilməsi və gömrükdə həmin pulların bəyan edilməməsi ilə bağlı olan ittihamları Bəxtiyar Hacıyev qəbul etmədi” - hüquq müdafiəçisi qeyd edib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev hesab edir ki, ona qarşı bütün ittihamlar saxtadır. O əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

 

Amerikanın Səsi