Azərbaycan heç vaxt Mərkəzi Asiya olmayacaq!

İlham Əliyev boş yerə cəhd etməsin. Azərbaycan Cənubi Qafqazın, Cənubi Qafqaz da siyasi baxımdan Avropanın bir hissəsidir. Hər zaman da belə olacaq. Partiyamızın proqramında da deyildiyi kimi, Azərbaycanın Avropa İttifaqına tam inteqrasiyasına nail olmaq AXCP -nin əsas siyasi hədəflərindən biridir.
Azərbaycan xalqının da haqqıdır ki, Avropada olduğu kimi, hüquq və azadlıqları tam təmin olunsun. Avropadakı təhsil, səhiyyə, sosial təminat standartlarını biz Vətənimizdə də görmək istəyirik. Avropa İttifaqının seçki, siyasi rəqabət, iqtisadi rəqabət standartlarını biz də ölkəmizdə bərqərar etmək istəyirik. Avropa İttifaqında olduğu kimi, qanunun aliliyi, peşəkər və müstəqil məhkəmələrin formalaşması, geniş səlahiyyətli özünüidarə bizim xalqımızın da haqqıdır.
İlham Əliyev şəxsi hakimiyyət maraqlarına görə siyasətdə də, iqtisadiyyatda da öz monopoliyasını qoruyub saxlamaq üçün Azərbaycanın Avropa İttifaqına inteqrasiyası prosesini dayandırıb. Xalqımızın əksəriyyəti isə əksini, Avropaya inteqrasiyanı dəstəkləyir.
Milli Şuranın 19 may tarixinə təyin etdiyi mitinqin bir tələbi də Avropa İttifaqı ilə Assosiyasiya Sazişinin imzalanması, Avrointeqrasiyanın önünün açılmasıdır.
Mitinq haqqımızı, Avrointeqrasiyanın önünün açılmasını, siyasi məhbusların azad edilməsini, azad və ədalətli seçkilərin keçirilməsini, uşaq pulu verilməsini, sosial - iqtisadi sahədə islahatlar aparılmasını, quru sərhədlərin açılmasını tələb edirik. Siz də səsinizi ucaldın, səsimizə səs verin, tələblərimizə qoşulun.
 
 
 
Əli Kərimli
AXCP sədri