İnanclı qanunsuz olaraq ciddi rejimli müəssisəyə köçürülərək, otaq şəraitində saxlanılır

Saxta ittihamlarla azadlıqdan məhrum edilən inanclılara qarşı müxtəlif təzyiqlər məhbəs həyatında məhrumiyyət yaşayan insanların təkcə özləri deyil, ailələrini də gərginlikdə saxlamağa gətirib çıxarıb. Bu isə, bəzi ailə başçılarının səhhətində ciddi problemlərə yol açıb.

Saxlanılan andan işgəncələr altında etirafedici saxta izahat, istintaq dövründə iki nəfərlik kameralara on nəfər yerləşdirməklə insani haqların pozulması, məhkəmə dövründə əksəriyyətinin polis olduğu yalançı şahidlər azmış kimi cəzaçəkmə müəssisələri də bu məşəqqətin ardını onlara yaşatmağa davam edir.

Xüsusi olaraq inanclıların həbsxanalara köçürüldükləri zaman müxtəlif bəhanələrlə açıq zona buraxılmadan karserlərə və kamera tipli otaqlara (PKT) salınması artıq geniş vüsət alıb. Hər növ etiraz və rəsmi müraciətlərə baxmayaraq “yuxarıların qərarı” deyib müəssisə rəhbərlərinin iddiaları hələ də qanunun ziddinə olaraq inanclıları həbsxana içində həbs həyatına məhkum edib. 

Aprelin 6-da Pentesiar Xidmətin Umbakı kompleksinə köçürülən İsmayıl İsmayılov məhkəmə qərarı ilə cəzasını ümumi tipli müəssisədə çəkilməsi göstərilsə də onu xüsusi rejimli məntəqəyə gətiriblər. Buda azmış kimi müəssisəyə gələn andan İsmayıl kamera tipli otağa (PKT) yerləşdirilib. Kamera tipli otaqlar isə qanuna görə yalnız xüsusi və qapalı rejimli müəssilərdə ola bilir.

Vəkili Rəsul Cəfərov İsmayıl İsmayılovun məhkəmə qərarının əksi olaraq rejim və qapalı tipli otaqda saxlanılmasını qanuna ziddi olduğunu söyləyib. O, bunu yolverilməz adlandırıb. 

Təbii olaraq İsmayıl İsmayılovun ailəsi pentensiarin oğulları barəsində çıxarılan qərardan narazıdır və qapalı rejimə məhkum edilmiş İsmayıla qarşı qanunsuz hərəkətlərə öz etirazını bildirib. Lakin sanki xüsusi işgəncə mexanizmi olaraq bu tip davranışlar artıq Pentensiarın gündəliyində əsas yer tutaraq icrası genişlənməkdə davam edir.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü İsmayılov İsmayıl Nizami oğlu 10 mart 2023-cü il tarixində saxlanılıb. Saxta narkotiklərlə bağlı ittiham olunan inaclı 9 yanvar 2024-cü il tarixində 3 il müddətinə azadlıqdan məhrum edilib.