Fəlakətin astanasındayıq...

Deyək ki, bir çoxları siyasətə qarışmamaqda düz edirlər. Nəylərinə gərəkdir ağrımayan başlarını ağrıtsınlar? Nəylərinə lazımdır ölkədə haqq, hüquq, azadlıq, demokratiya davası aparsınlar? Buna görə təzyiqlərə məruz qalsınlar, işlərini itirsinlər, polisə çağrılıb təhdid edilsinlər. Elə gül kimi bir qarını ac, bir qarını tox yaşayırlar, evlərinə bir tikə çörək apara bilirlər, başlarını altına salmağa bir damları var və sair.
Deyək ki, onlar, onların yerinə haqq davası aparanlara, demokratiya, insan haqları, hüququn aliliyini tələb edən cəsur, mərd, mübariz insanlara sahib çıxmamaqda, onlara dəstək olmamaqda da düz edirlər. Düşünürlər ki, onlar da zülmə boyun əyərdilər, xalqı, milləti, dövləti deyil, özlərini, öz həyatlarını, öz maraqlarını düşünərdilər, nəticədə də o siyasətə qarışmayanların çoxundan komfort həyat tərzi yaşayardılar.
Lap deyək ki, hakimiyyətdə oturanların bu anti-insani davranışlarına, siyasi sifarişlə günahsız insanları həbsə atdırıb, onların həyatlarını məhv etmələrinə də, xalqın malını, pulunu, sərvətini talan edib, ofşorlara daşıyanlara da haqq qazandırırlar. "Düz edirlər, yaxşı edirlər" deyib, öz qorxaqlıqlarına bu yolla don geyindirib, vicdanlarını rahatlaşdırırlar.
Yaxşı bəs bu yanaşmanın, bu davranışın, bu düşüncənin onları hara apardığının, perspektivdə onları hansı faciəvi durumun gözlədiyini də anlamırlar? Anlamırlar ki, onların susqunluğu, laqeyidliyi, bəzən də qorxaqlığı bu xalqı, bu ölkəni hara aparır? Başa düşmürlər ki, indi dünya tamam başqa istiqamətə hərəkət edir? Onlar sussalar da, danışmasalar da, mübarizəyə qatılmasalar da, dünyada yaranmış yeni siyasi konyukturanın tələbləri tamamən bunun əksini diktə edir? Görmürlər ki, onalardan fərqli olaraq artıq mütərəqqi dünya, beynəlxalq güclər, demokratik dövlətlər Azərbaycanda yaranmış bu hüquqsuzluğa, avtoritarizmə, özbaşnalığa laqeyid qalmır? Daha hansısa enerji maraqlarını, nefti, qazı insan haqlarına qurban vermirlər? Məlumatları yoxdur ki, artıq həm Azərbaycan siyasi hakimiyyətində təmsil olunanların özləri, həm dövlətin maraqları, inzibati, maddi resursları təhlükə altındadır? Artıq hər an Azərbaycana qarşı beynəlxalq sanksiyalar, embarqolar işə düşə bilər?
Bəs belə olan halda nə olacaq? Bilmirlər ki, ondan sonra başını aşağı salıb bir tikə çörəyi qazanmaq, başını dinc saxlamaq, ümumiyyətlə yaşamaq mümkün olmayacaq, ölkədə xaos, təlatüm yaranacaq, aclıq, səfalət baş alıb gedəcək?
Bəs bunun bədəlini kim ödəyəcək? Həmin o "uzaqgörən" başının dinc qalmasını düşünən, həmin o susqun, laqeyid insanlar bunun acısını, ağrısını çəkməyəcəklər?
Əlbəttə çəkəcəklər. Əgər Azərbaycana qarşı bu beynəlxalq mexanizmlər işə düşərsə, ölkəmiz dünyadan təcrid edilib, embarqolara, sanksiyalar məruz qalarsa, nəticədə 30 ildə ölkə iqtisadiyyatını yalnız neft və qazdan asılı salan, real iqtisadiyyat qura bilməyib, bir kibrit dənəsi belə istehsal edə bilməyən bir rejimlə yanaşı həmin o sadə, "siyasətə qarışmayan" insanlar da ağır bədəl ödəməli olacaqlar.
Ona görə zaman itirmədən hamılıqla Azərbaycanı bu fəlakətə sürükləyən rejimə yox deyib, təcili qaydada ölkənin önünün açılmasını, siyasi məhbusların azad edilməsini, vaxt itirmədən demokratik islahatların başlanmasını tələb etməliyik. Bunu yalnız vətənimiz, dövlətimiz, xalqımız üçün deyil, elə onların öz yanaşmaları ilə desək, başlarının dinc qalması üçün, evlərinə, ailələrinə, uşaqlarına bir tikə çörək apara bilmələri üçün etməlidirlər.
Nə qədər ki, hələ tam gec deyil, hələ həmin beynəlxalq təzyiq mexanizmləri işə düşməyib, hərəkətə keçmək lazımdır.
Sonra gec ola bilər...
 
 
 
Ayaz Məhərrəmli
AXCP sədrinin müavini