Hüquq müdafiəçiləri BMT-ni avtoritar ölkələrdə iqlim konfransları keçirməməyə çağırıblar

Beynəlxalq qeyri-hökumət təşkilatları qrupunun nümayəndələri və siyasi mühacirətdə olan azərbaycanlı fəallar Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyinə açıq məktub göndərərək avtoritar ölkələrdə iqlim sammitlərinin keçirilməməsinə çağırıblar.
"Biz, qeyri-hökumət təşkilatlarının qlobal koalisiyası olaraq, Birləşmiş Millətlər Təşkilatının konfranslarının keçirlməsində repressiv hökumətlərə imtiyaz verilməsinə etiraz edirik", - müraciətdə deyilir.
Əsasən, onlar qeyd edirlər ki, Azərbaycana COP29-u 2024-cü ilin noyabrında qəbul etmək imtiyazı verildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər artıb, məqsəd onun tamamən aradan qaldırılmasıdır.
Bundan əvvəl analoji repressiv tədbirlər COP27 ərəfəsində Misirdə və COP28 ərəfəsində Birləşmiş Ərəb Əmirliklərində olub.
COP29-un Bakıda keçirilməsi artıq hüquq müdafiəçiləri və jurnalistlər arasında yüzlərlə həbsə səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyi ev sahibi olan tərəflərin insan hüquqları sahəsində beynəlxalq hüquqa riayət etməsini, bu forumdan senzura üçün və vətəndaş cəmiyyətinin fəallığının və təbliğatının yatırılması üçün bəhanə kimi istifadə etməməsini təmin etməlidir.
"Bir neçə ildir ki, azərbaycanlı jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları KİV-in qeydiyyatı üçün ciddi tələblər, xarici maliyyələşmənin qadağan edilməsi, fikrin ifadə edilməsi və birləşmə azadlığının məhdudlaşdırılması kimi ciddi məhdudiyyətlərlə üzləşiblər.
Repressiv tədbirlərin fiziki və iqtisadi təhdidlərlə yanaşı sərtləşdirilməsi KİV və vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətini demək olar ki, mümkünsüz edir", - müraciətdə deyilir.
2024-cü ilin iyul ayına olan vəziyyətə görə, Azərbaycanda siyasi məhbusların siyahısı ən azı 306 nəfərdir, müraciət müəllifləri qeyd edirlər.
Azərbaycanlı keçmiş diplomat Emin İbrahimovun və gənc etnoqraf-alim İqbal Əbilovun həbsi COP29 öncəsi Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı ciddi beynəlxalq narahatlıq yaradıb.
“Biz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının katibliyini gələcək COP-ların keçirilməsi barədə sazişləri açıq etməyə və onların insan hüquqları sahəsində beynəlxalq hüquqa (o cümlədən söz və toplaşmaq azadlığının müdafiəsi yolu ilə) uyğunluğunu təmin etməyə çağırırıq", - müraciətdə deyilir.
Müraciət imzalanıb: Femena; Fars körfəzi İnsan Hüquqları Mərkəzi (GCHR); İnsan Hüquqları Klubu (Azərbaycan); Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (Azərbaycan); İnsan Hüquqları İnstitutu, Beynəlxalq İnsan Hüquqları Federasiyası; Əməkçi miqrantların səsi; İşgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT, İnsan Hüquqları Rəsədxanası çərçivəsində) imzalayıblar.
 
 
Turan Agentliyi