Həbsdəki cəbhəçinin şikayəti təmin edilməyib

Oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsində AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirlinin prokurorluğa qarşı şikayətinə baxılıb. Cəbhəçi gənc onun işi üzrə istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin 18 avqust 2018-ci il tarixli qərarının ləğvini istəyirdi. Sözügedən qərara əsasən, R.Nəsirli və onunla birlikdə eyni iş üzrə təqsirləndirilən digər şəxslərin ailə üzvləriylə görüş, telefon danışığı hüququ məhdudlaşdırılıb.
 
Şikayətə R.Nəsirlinin iştirakı olmadan baxan hakim Şəlalə Həsənova onu təmin etməyib. Bu barədə Azadlıq Radiosuna R.Nəsirlinin yaxınları məlumat verib. Ailə üzvləri bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
 
"Ruslan və onunla birlikdə həbs olunan digər cəbhəçilər altıncı aydır ki, həbsdədir, onlara bir dəfə də olsun, ailə ilə danışmağa, görüşməyə imkan verilməyib. Əvvəl ümumiyyətlə, qadağa qoyulmasını üzərilərinə götürmürdülər, üç aydan sonra bir qərar yazıb rəsmiləşdirdilər. Yazırlar ki, «istintaq zərurətiylə əlaqədar qadağa qoyulub". Bu zərurət nə vaxt aradan qalxacaq? Hansı istintaq hərəkəti aparılır ki, zərurət də olsun", – R.Nəsirlinin yaxınları belə deyir.
 
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, daha əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.
 
Onların saxlanmasıyla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (ortalama 700 min manatdan) gedir.
 
Həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələriylə ittiham irəli sürülüb.
 
Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 
AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin rəhbərlik etdiyi partiyaya qarşı növbəti repressiya dalğası olduğunu bildirib.