DEM Partiyası: PKK lideri Öcalan İmralı adasında yeni binaya köçürülüb

Türkiyənin, ABŞ və Aİ-nin terror təşkilatı saydığı PKK-nın həbsdə olan lideri Abdullah Öcalan İmralı adasında onun üçün tikilmiş yeni binaya köçürülüb. Bunu DEM Partiyasının İmralı heyətinin üzvü, millət vəkili Mithat Sancar "Medya Haber TV"yə müsahibəsində deyib.

Sancar Öcalanın bu addıma razılıq verməsinin Türkiyədə "Terrorsuz Türkiyə" adlandırılan, Sülh və Demokratik Cəmiyyət Prosesi üçün əhəmiyyətli olduğunu bildirib. "Öcalanın ora köçməyi qəbul etməsi prosesin sürətləndirilməsini tələb edir", - deyə o vurğulayıb.

DEM Partiyasının digər nümayəndəsi Pervin Buldanın sözlərinə görə, yeni bölmə həbsxananın ərazisində yerləşir və məqsəd Öcalanın iş şəraitini yaxşılaşdırmaqdır. O, köçürülmənin Öcalana yeni hüquqi və ya siyasi status vermədiyini vurğulayıb.

Buldan həmçinin deyib ki, Öcalan prosesə sülh və siyasiləşmə koordinatoru kimi töhfə vermək istəyir, lakin bu status hələ rəsmiləşdirilməyib.

İmralıda yeni binanın tikilməsi avqustda Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Baxçalı o vaxt Öcalanın "status istədiyi üçün" köçməyə razılıq vermədiyini demişdi, Sancar isə həmin dövrdə köçürülmə barədə yayılan məlumatları təkzib etmişdi.