Həbsdə olan fəal tibbi yardım göstərilməməsindən şikayət edir

Operativtv.com Turana istinadən xəbər verir ki, fevralın 20-də Bəxtiyar Hacıyevə dəstək aksiyası zamanı inzibati qaydada həbs olunmuş D18 Hərəkatının üzvü Afiyəddin Məmmədov müvəqqəti saxlama təcridxanasında ona tibbi yardım göstərilmədiyini bildirir.

Bu barədə Turan-a Hərəkatın sədri Əhməd Məmmədli bildirib. Onun sözlərinə görə, Afiyəddin Məmmədova DİN-in təcridxanasında güclü soyuq dəyib.

"Afiyəddin Məmmədov bununla bağlı müraciət etsə də, həkim gəlib ona baxmayıb. Afiyəddinin böyrəyində də problem var və bu, soyuqdəymədən sonra vəziyyətini daha da ağırlaşdırıb", deyə Məmmədli bildirib.

Bundan başqa, təcridxana rəhbərliyi saxlama məntəqəsinə fəal üçün isti paltarları da normal qaydada buraxmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.