Haaqada İqbal Əbilova dəstək aksiyası keçirilib

Şənbə günü, sentyabrın 7-də Haaqada Azərbaycanın Niderlanddakı səfirliyi qarşısında Bakıda həbs edilmi. talış tədqiqatçısı İqbal Əbilova dəstək piketi keçirilib.

Tədqiqatçının müdafiəsi üçün yaradılan igbal.info saytındakı məlumata görə, aksiya Əbilovun dostları və həmkarları tərəfindən təşkil olunub.

Piket iştirakçılar Azərbaycan hakimiyyətini təqibləri dayandırmağa və Əbilovu azad etməyə çağırıblar. Onlar Əbilovun müdafiəsi üçün petisiyaya imza toplamağı davam etdiriblər.

Bu, Əbilovu dəstək üçün Avropada keçirilən ikinci aksiyadır.

Bundan əvvəl avqustun 6-da Azərbaycanın Vilnüsdəki səfirliyi qarşısında Əbilovun azadlığa buraxılması ilə bağlı aksiya keçirilib.

İqbal Əbilov iyulun 22-də qohumlarını ziyarət etmək üçün Azərbaycana gələn zaman saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

Bütün bu cinayətlərin Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə törədildiyi iddia edilir.

Əbilov ittihamları rədd edir və sırf elmi fəaliyyətlə məşğul olduğunu bildirir.

Dünyanın müxtəlif ölkələrindən böyük bir qrup alim Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.