Əgər bu, onların son savaşıdırsa, bizim üçün son savaş deyil...

Suriyanın 8 dekabrda süqut etməsindən bir neçə həftə əvvəl Prezident Bəşər Əsəd bütün dünyaya meydan oxuyaraq açıq və qətiyyətli bir çıxış etdi. O, müstəmləkəçi güclərin xəyanətini ifşa etdi və Suriyaya on ildən çox, Fələstinə isə bir əsrdən artıqdır davam edən müharibənin və ümumilikdə bölgədə gedən münaqişənin əsl mahiyyətini açıq şəkildə ortaya qoydu. Bu, sadəcə siyasi nitq deyildi, əksinə, sionist-vəhhabi-Amerika-Türkiyə alyansına birbaşa çağırış idi. Çünki onlar anlayırdılar ki, Əsəd mövqeyində qalarsa, bölgədəki planları iflasa uğrayacaq. 

Əsəd çıxışında beynəlxalq ictimaiyyətdən ədalət istəmədi, Qərb güclərini haqq tərəfinə çağırmadı. Əksinə, müqavimət və mübarizə dilində danışdı, açıq şəkildə bəyan etdi ki, sionist rejim sadəcə bir işğal və qətliam aparatıdır və yalnız müqavimət Fələstin və Livan xalqlarına qarşı törədilən soyqırımı dayandıra bilər. Bu mesaj sionistləri və onların Vaşinqton, London, Ankara, Riyad və digər paytaxtlardakı havadarlarını qorxuya saldı. Onlar Suriyanı devirmək planlarını sürətləndirməkdən başqa çarə görmədilər. 

Və bu cavab çox gecikmədi. Qatil Binyamin Netanyahu, Suriyanın süqutundan bir neçə gün əvvəl və İdlibdəki muzdluların hücum etdiyi gecə verdiyi bəyanatda açıq şəkildə bu layihənin son mərhələyə çatdığını bildirdi. O, “Suriya prezidenti Əsəd anlamalıdır ki, o, odla oynayır” dedi. Bundan əlavə, 7 cəbhədə qələbə qazandıqlarını, Hizbullahı onilliklər geriyə atdıqlarını və Yaxın Şərqi tamamilə dəyişdirmək üzrə olduqlarını iddia etdi. Netanyahu Livandakı atəşkəsin sadəcə taktiki bir addım olduğunu və əsas məqsədin İsrail ordusunu yenidən qurmaq və İranın yaratdığı təhdidə (burada əsasən Suriya nəzərdə tutulurdu) qarşı mübarizə aparmaq olduğunu açıqca ifadə etdi. 

Daha sonra, Suriya dövləti dağıldıqdan sonra, Netanyahu Suriya sərhədinə yaxın bir məkandan çıxış edərək dedi: “Bu, Yaxın Şərqin tarixində mühüm bir gündür.” Bu isə göstərir ki, Suriya dövlətinin süqutu uzunmüddətli strateji bir hədəf idi və nəhayət həyata keçirildi. 

Sionistlərin bu mövqeyi Qərbdən ayrı deyildi. Çünki Suriyanın süqutundan dərhal sonra Britaniya baş nazirinin müavini “Bəşər Əsəd rejiminin süqutu sevindirici xəbərdir” deyə bəyanat verdi. Bu, Qərbin uzun illər boyu apardığı müharibənin qələbə ilə bitdiyini elan etməsi kimi səslənirdi. Onlar bu müharibədə terrorizm, sanksiyalar və dolayı hərbi müdaxilə kimi bütün vasitələrdən istifadə etmişdilər. 

Lakin bu hadisə anidən baş vermədi, əksinə uzun illər davam edən bir sui-qəsdin son mərhələsi idi. Sionist-vəhhabi-Amerika-Türkiyə alyansı, Əsədin müqavimətini qıra bilmədikləri üçün, Suriyanı tamamilə məhv etməyin vaxtının çatdığına qərar verdilər. Çünki Əsəd son ana qədər geri çəkilmədi, düşmənlə barışmadı və öz prinsiplərindən – işğalçı rejimlə normallaşmamaq prinsipindən – əl çəkmədi. O, bu müharibənin yeni müstəmləkəçiliklə müqavimət arasında gedən həlledici savaş olduğunu anlayırdı. 

Amma onların istəmədiyi sualı verməliyik: Hekayə bitdi mi? Əsəd məğlub oldumu? Suriya süqut etdimi? Mübarizə sona çatdımı? 

8 dekabrda baş verənlər süqut deyil, dönüş nöqtəsi idi. Bu tarix, sionist-vəhhabi-Amerika-Türkiyə alyansının əsl simasının bütün dünyaya ifşa olunduğu an idi. Onlar dövləti dağıtdılar, amma ideyanı yox edə bilmədilər. Haqsızlığa “Xeyr” deyənləri sındıra bilmədilər. 

Əgər bu, onların son savaşıdırsa, bizim üçün son savaş deyil... Gələcək, qanımızla və azad insanların qanı ilə yazılacaq. 

 

✍️ Məqalə müəllifi: Suriyanın Xalq Müqavimət Hərəkatının liderlərindən Rəis Xalid