Elmar Vəliyevə hücumun arxasındakı mümkün sərvət davası

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına iyulun 3-də silahlı qəsd edilməsinin motivləri ən müxtəlif tərəflərdən şərh edilib. Diqqətdən qaçan və bəlkə də hüquq-mühafizə orqanlarının, icra başçısının yaxın qohumlarının və digər şəxslərin hadisəni törətməkdə ittiham olunan Yunis Səfərovun silaha əl atmasının bir mümkün səbəbi də nəzərdən keçirilməyə layiqdir.

Atılan güllənin hədəfi Gəncə şəhərinə rəhbərlik edən şəxsin yaxın ətrafı, onların nüfuz və təsir imkanlarının zəiflədilməsi də ola bilərdi. Elmar Vəliyevin biznesdə, hakimiyyətin müxtəlif qanadlarında təmsil olunan qardaşlarının hadisənin ilk saatlarında nümayiş etdirdikləri narahatlıq güman ki, həm də bundan qaynaqlanırdı.

Vəliyevlər beş qardaşdırlar və geridə qalan illər onlara artan nüfuzla bərabər, böyük sərvət də gətirib. Gəncə, Yevlax, Mingəçevir və Bakı şəhərlərində çoxsaylı biznes obyektlərinə sahib olan qardaşların biznes fəaliyyəti ölkə hüdudlarını aşaraq, Rusiya və Türkiyəyə də ayaq açıb. Onlar neft-qazma avadanlıqları, tikinti materialları istehsalından tutmuş, tikinti və daşınmaz əmlak sektorlarınadək ən müxtəlif sahələrdə təmsil olunurlar.

Qardaşlardan ikincisi Xanlar Vəliyev Azərbaycanın hərbi prokurorudur. 63 yaşlı general-leytenantın şəxsi biznesi haqda məlumat yoxdur. Lakin o, qardaşlarının himayədarı kimi tanınır. Onun qızı Tomris Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində işləyir. Həyat yoldaşı Dilbazi Vəliyeva isə Bakıdakı 3 saylı üşaq poliklinikasının baş həkimidir.

Qardaşlar arasında biznes portfelinin çeşidinin rəngarəngliyinə görə seçiləni Şahmar Vəliyevdir. O, dövlət əmlakının özəlləşdirilməsi prosesindən gərəyincə fayda götürüb. Mingəçivirdəki “Azneftemaş” ASC, “Yevlax-Mərkəzi Bazar”ASC, Bakıdakı “Bakı Mexanikləşdirmə-1” ASC-nin nəzarət səhm zərfləri ona və oğlu Ruslana məxsusdur. Açılışında prezident İlham Əliyevin qatıldığı Yevlaxdakı 5000 yerlik stadion, eləcə də “Karvan” idman klubu da onun aktivindədir. Şahmar Vəliyev 2012-ci ildə prezident İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla quda olmaqla mövqeyini bir qədər də möhkəmləndirib.

Onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarı olmaqla yanaşı, daha bir neçə şirkəti də nəzarətdə saxlayır. Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir (2017).

Maşınqayırma və neft-qazma sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmış “Azneftemaş” zavodu 2016-cı ildə Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və bu ərazidə yeni suvarılan torpaqlarda tikinti işləri üzrə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderinin qalibi elan olundu. Müqavilənin bağlanmasından iki il ötür. İndiyədək görülən işlər haqda bir bilgi verilməsə də, məlum olan budur ki, Ş.Vəliyevin “Azneftemaş” ASC Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində icra olunan bu müqaviləyə görə Dövlət Neft Fondundan 228.4 milyon əldə edib.

Bakıda, Xətai rayonu ərazisindəki 12 mərtəbəli “Rusel Plaza” da Şahmar Vəliyevindir. Onun 1994-cü ildən bəri fəaliyyət göstərən “Rusel” şirkəti, bu il təsis olunan eyni adlı MTK-sı, qida sektorunda çalışan “Rusel Catering” şirkəti, eləcə də “Happy Babies” uşaq bağçası var.

Ötən il isə Şahmar Vəliyev Şimali Qafqazda sanatoriya biznesinə girişib. Oktyabr ayında Stavropol diyarında keçirilən Rusiya-Azərbaycan Regionlararası forumda “Azneftemaş” ASC-nin prezidenti Kislovodsk şəhərinin administrasiyası ilə “Rusel” adlanacaq sanatoriyanın tikintisi niyyətinə dair müqavilə bağladılar. Bu il başlanılması nəzərdə tutulan investisiya layihəsinə iş adamı 2 milyard Rusiya rublu (təqribən 53 milyon manat) yatırmağı düşünür. Layihəyə əsasən, 2021-ci ildə tamamlanacaq sanatoriyada eyni vaxtda 420 nəfər müalicə oluna biləcək.

Qardaşlardan daha biri Şahlar Vəliyev Yevlax Telekommunikasiya Qovşağının rəisi, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının İdarə Heyətinin üzvüdür. O, həm də özəlləşdirmə nəticəsində yaradılan “Yevlax Kimyəvi Təmizləmə” ASC-nin İdarə Heyətinin sədridir. Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, iri torpaq mülkiyyətçisi olan Şahlar Vəliyevin fermer təsərrüfatı Yevlağın Ağqıraq kəndində maldarlıqla məşğul olur, pambıq əkir. Onun oğlu Elşad Vəliyev Yevlax şəhər İcra Hakimiyyətinin hüquq şəbəsində çalışır. Digər oğlu (Elgün Vəliyev) Gəncə şəhər polis idarəsində əməliyyatçıdır.

Ən böyük qardaş Eldar Vəliyev isə “Azneftkimyamaş” ASC-nin “Bakı Neft Maşınqayırma Zavodu” törəmə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədridir. Bu ilin iyun ayında o, 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Rəhbərlik etdiyi SC 2009-cu ildə hökumətin qərarına əsasən üç zavodun (“Səttarxan ad. Maşınqayırma Zavodu”, “Bakı Neft-Mədən Maşınqayırma Zavodu” və “Bakı Maşınqayırma Zavodu”) birləşməsi nəticəsində yaranıb.

Onun 38 yaşlı oğlu Elnur Vəliyev da biznes sahibidir. O, 2013-cü ildə Türkiyədə “Elva İnşaat Turizm Gida İhracat İthalat Sanayi ve Ticaret Limited” şirkətini qurub, növbəti il Bakıda şirkətin filialını açıb. Elnur 2013-cü ilin dekabrında Bakıda həm də “Elva Group” MMC-ni təsis edib. Şirkətin korporativ saytında onun mebel istehsalı ilə məşgul olduğu, Azərbaycanda və Ukraynada otel dekorasiya işləri gördüyü bildirilir. Bakıdakı Elva Hospital, Teatro Boutique Hotel, Teatro Rooms Hotel, bir neçə restoran və kafe (Elvet Stackhouse, Elba Sea Food, Bakku Tea House və s.) ona məxsusdur. Növbəti “Elvet” restoranı Qəbələ şəhərində tikilməkdədir.

Elmar Vəliyevin oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiridir. Bununla belə o da biznesdə özünü sınamaqdan çəkinmir. Elmir 2011-ci ildə Yevlaxda “Luckoil” MMC şirkətini təsis edib və indiyədək bu şirkətin direktoru vəzifəsini daşıyır. Bundan başqa o, “Kəpəz” peşəkar futbol klubuna da rəhbərlik edir.
Elmar Vəliyev 2015-ci ildə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla quda olub. Vəliyevlərin sərvətə daha yaxın olmasında bu qohumluq heç də az əhəmiyyət daşımır. Elmar Vəliyevə uzanan əlin arxasında kimin dayandığını söyləmək isə istintaqın işidir.

Maraqlıdır ki, sui-qəsd hadisəsindən xeyli vaxt ötməsinə baxmayaraq prezident İlham Əliyev Gəncəyə yeni icra başçısı göndərməyə tələsmir. Bu amil onun Vəliyevlərə xüsusi etimadı kimi dəyərləndirilə bilər.

openazerbaijan.org