Hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazov gələn həftə evə buraxılacaq.
Xəstəxanadan modern.az-a verilən məlumata görə, Q.Aşbazovun səhhəti normaldır:
"Əməliyyat sonrası prosedurlar həyata keçirilir, müalicəsi davam etdirilir. Özünü yaxşı hiss etdiyi üçün növbəti həftə evə buraxılacaq”.
Daha əvvəl verilən məlumata görə, Aşbazov xəstəxanaya daxil olan kimi, dərhal əməliyyata götürülüb. Amma həmin anda belə həyati təhlükəsi olmayıb. Mühafizəçi başından və böyründən iki güllə yarası alıb. Başına vurulan güllə beyinə nüfuz etmədiyindən həyati təhlükəsi olmayıb.
Xatırladaq ki, iyulun 3-də Gəncə şərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.
Xəstəxanadan Elmar Vəliyevin mühafizəçisi ilə bağlı açıqlama
Oxşar xəbərlər