Gəncədə “Aşura məhbuslarına” cəza istənilib

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə məhkəmə prosesində 2017-ci ilin Aşura mərasimi zamanı İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı həbs olunmuş şəxslərin məhkəmə prosesi keçirilib. Hakim təqsirləndirilən şəxslərdən və onların müdafiəçilərindən prosesin yekunlaşmasına dair fikirlərini öyrənərkən Firudin Zeynalovun müdafiəçisi Zabil Qəhrəmanov vəsatət verərək bildirib ki, video görüntüləri izlədikdən sonra məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş və şahidlərin ifadələrinin başlanmış cinayət işinin motivləri ilə tamamilə ziddiyyət təşkil etməsi qənaətində olduğundan bir neçə zərərçəkmiş və şahidin yenidən məhkəmədə dindirilməli və məhkəmə istintaqının obyektivliyi təmin edilməlidir. Firudin Zeynalov da müdafiəçisinin vəsatətinin təmin olunması tələbiylə hakimə müraciət etdikdən sonra hakim dövlət ittihamçısının da vəsatətə münasibətini dinləyib, yerində müşavirə edərək vəsatətin təmin olunmadığını bildirib. Proses Dövlət ittihamçısı Aleksey Abbasovun təqsirləndirilən şəxslərə cəza istəməsiylə davam edib. Dövlət İttihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2 və 221.3 maddələri ilə başlanmış cinayət işinin əsaslı olduğunu və məhkəmə istintaqı zamanı kifayət qədər sübutların olduğunu bildirsə də konkret olaraq heç bir sübut sadalamadan təqsirləndirilən şəxslərə təyin etdiyi cəzaları elan edib. Təqsirləndirilən şəxslərdən yalnız birinin-Firudin Zeynalovun yüngülləşdirici halının olduğunu bildirsə də ona CM-nin 315.2 maddəsiylə cəzanın son həddi 7 il, 221.3 maddəsiylə cəzanın son həddi 6 il, qismən toplama yoluyla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 8 il müddətinə, digər təqsirləndirilən 6 şəxsdən birinin qəti olaraq 8 il, digərlərinin isə qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum edilmələrini tələb edib. Dövlət ittihamçısının çıxışından sonra hakim təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə yekun çıxış üçün söz versə də, onlar h yekun çıxışları üçün vaxt istəyiblər. Növbəti proses sentyabrın 24-nə təyin edilib.

Firudin Zeynalov sonda hüquq müdafiəçilərinə, siyasi-ictimai xadimlərə, media nümayəndələrinə və bütün haqqsevər insanlara müracət edərək yalnız polis əməkdaşlarının saxta və ziddiyyətli ifadələri əsasında verilmiş ittihamlarla keçirilən ədalətsiz məhkəmə prosesində iştirak edərək dəstək vermələrini və ölkəmizdə baş verən bu cür neqativ halların ictimailəşdirilməsinin hər bir vicdanlı vətəndaşın xalqımızın demokratik gələcəyi uğrunda bir vəzifə olduğunu bildirib. Xatırladaq ki, 2017-ci il sentyabrın 30-da Gəncə şəhəri İmamzadə Ziyarətgahına insanların buraxılmamasına görə polislə incident yaranıb, xeyli sayda vətəndaş saxlanılıb. Gəncə şəhər Prokurorluğu və Gəncə Baş Polis İdarəsi tərəfindən CM -nın 315.2 və 221.3 maddələri ilə cinayət işi başlanılıb. İttiham aktına görə cinayət işi materiallarında 16-sı polis əməkdaşı olmaqla 18 zərərçəkmiş və 22-si polis əməkdaşı olmaqla 26 şahid qeyd olunub. 7 təqsirləndirilən şəxs barədə məhkəmə prosesi 2018 ci ilin yanvarın 26-dan davam edir.

azadliq.info