Elmar Vəliyev vəzifəsindən azad edildi

Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
"Report” xəbər verir ki, sərəncamla Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Prezident İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi, vəzifələrində işləyib.
 
14 aprel 2012-ci ildən 28 avqust 2018-ci ilədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
 
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir.