Jurnalist: "Dedilər ki, xarici mediada işləmək istəsəniz, Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlisiniz"
Ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağrılıb.
Bu barədə Toplum.Tv-yə jurnalist İzolda Ağayeva məlumat verib. O bildirib ki, onların xaricə çıxışına qadağanın götürüldüyü deyilib: "Mayın 6-da məni Rasim Qaraca, Natiq Cavadlı və Səlimə Cəlilova ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırdılar. Bizi qəbul edib ölkədən çıxış qadağamızın götürüldüyünü bildirdilər. Dedilər ki, bundan sonra xarici media orqanları ilə işləmək istəsəniz, Xarici İşlər Nazirliyindən akkreditasiyadan keçməlisiniz. Burada xarici media dedikdə elə Meydan.tv nəzərdə tutulur. Başqa da suallarımız olduqda işi aparan müstəntiqlə əlaqə saxlayıb ona ünvanlayacağımızı dedilər”.
İzolda Ağayeva digər jurnalistlərin də qadağasının götürüləcəyini ehtimal edir: "İdarənin rəisi Eldar Əhmədov bu həftə Aytac Əhmədova, Sevinc Vaqifqızı və Aytən Fərhədovanın da qadağalarının götürüləcəyin dedi”.
Mayın 3-də ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları 4 il əvvəl prokurorluğun qoyduğu qadağanın ləğv edilməsini və Meydan TV rəhbərliyinə qarşı açılmış cinayət işinin yekunlaşdırılmasını tələb ediblər.
Onlar üzərlərinə "Stopa Stop!”, "Xəyallar Paris, həyatlar Sınıq Körpü”, "Meydan TV-yə açılmamış cinayət işinə son!”, "Sərhədli reportyor olmaq istəmirik!” yazılmış plakatlar qaldırıblar. Sonra "Stopa Stop!” şüarı səsləndirilib. Polis aksiyanın gedişatına müdaxilə edib, onların plakatlarını, habelə prokurorluq binasının divarına yapışdırdıqları plakatları cırıb.
Aksiya keçirən jurnalistlərin xaricə çıxışına qadağa götürüldü
Oxşar xəbərlər