Türkiyə hökumət Azərbaycanda yaşayan daha bir türkün təhvil verilməsini istəyir

İsa Özdemir ittihamların şər-böhtan olduğunu bildirir və Türkiyəyə təhvil verilməsinə etiraz edir

Türkiyə hökuməti 1993-cü ildən Azərbaycanda yaşayıb-işləyən İsa Özdemirin təhvil verilməsi üçün müraciət edib. Azərbaycanın Ədliyyə Nazirliyi və Baş Prokurorluğu da həmin müraciət əsasında məhkəməyə təqdimat verib. İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə təqdimata baxılıb.

Türkiyənin hüquq-mühafizə orqanları İsa Özdemiri “FETÖ” (Türkiyə ilahiyyatçı Fətullah Gülənin tərəfdarlarının şəbəkəsini belə adlandırır və onu terror təşkilatı kimi təqdim edir) üzvü kimi beynəlxalq axtarışa verib. O, üç ay öncə Bakıda saxlanılıb. Türkiyə onun ekstradisiyası üçün Azərbaycanın Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət edib.

İsa Özdemir haqqındakı cinayət işinin, ittihamların şər-böhtan olduğunu bildirir və Türkiyəyə təhvil verilməsinə etiraz edir.

Bugünkü məhkəmədə İsa Özdemirin vəkilləri onun BMT-dən sığınacaq aldığını təsdiqləyən vəsiqəni hakimlərə təqdim ediblər.

Ədliyyə Nazirliyinin nümayəndəsi isə Türkiyə tərəfinin məktubunu təqdim edib. Həmin məktubda Türkiyə zəmanət verib ki, İsa Özdemir təhvil verilsə, orada normal şəraitdə saxlanılacaq, işgəncəyə, qeyri-insani rəftara məruz qalmayacaq, bütün hüquqları qorunacaq.

Hakim bildirib ki, məhkəməyə də belə bir sənəd daxil olub.

Amma məhkəmə həm də bütün sənədlərin notarial qaydada təsdiqlənmiş surətini istəyib.

İsa Özdemirin Türkiyəyə təhvil verilib-verilməməsi məsələsilə bağlı məhkəmə iyulun 4-də davam edəcək.

Son beş ayda Türkiyə FETÖ üzvü kimi təqdim etdiyi bir neçə vətəndaşının təhvil verilməsi üçün Azərbaycan tərəfinə müraciət edib. Azərbaycanda o adamların işlərinə ayrı-ayrılıqda baxılıb. Məhkəmələr ekstradisiya ilə bağlı təqdimata “yox” deyib, o adamları buraxsalar da, bir qayda olaraq, həmin şəxslər zaldan çıxan kimi məhkəmənin qarşısında onu gözləyən bir neçə şəxs tərəfindən zorla maşına mindirilib, naməlum istiqamətə aparılıblar. Eyni hal Bakının Binəqədi, Nərimanov rayon məhkəmələrində, Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb. Sonradan həmin şəxslərin Türkiyəyə aparılıb, orada saxlandığı məlum olub.

meydan.tv