Ben-Qvirin Əqsa məscidinə basqın etməsinə reaksiya

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin mayın 21-də Əqsa məscidinə basqın etməsinə reaksiya verib.

İƏT-dən verilən yazılı açıqlamada Ben Qvirin basqınının İsrailin Əqsa məscidinin tarixi və hüquqi status-kvonunu dəyişdirmək cəhdinin bir hissəsi olduğu bildirilib.

Bəyanatda qeyd olunub ki, İƏT basqını müsəlmanların hisslərinə qarşı təxribat, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatda həmçinin qeyd olunub ki, işğal altındakı Şərqi Qüdsdə davam edən bu cür pozuntuların nəticələrinə görə tamamilə İsrail hökuməti məsuliyyət daşıyır.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada da basqını pisləməklə yanaşı, bu sistemli hərəkətlərin bütün beynəlxalq norma və razılaşmaların açıq şəkildə pozulması və dünya müsəlmanlarını təxribata üz tutmasına səbəb olduğu bildirilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də İsrail hakimiyyətini gərginliyi artırmamağa və regionda sabitliyi pozacaq addımlar atmamağa çağırıb.

İordaniyanın xarici işlər naziri və İsrailin işğal olunmuş Qüdsdəki qeyri-qanuni siyasətlərinə qarşı beynəlxalq tədbirlərə cavabdeh olan Ərəb Nazirlər Komitəsinin sədri isə BƏƏ, Əlcəzair, Səudiyyə Ərəbistanı, Fələstin, Qətər, Misir və Mərakeşdəki həmkarlarına çağırış edərək həmin basqının nəticələrini müzakirə edib.

Körfəz Əməkdaşlıq Şurası da öz bəyanatında basqını pisləyib və Əqsa məscidinə qarşı bu pozuntuların qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

Ərəb Parlamentinin bəyanatında basqın şiddətlə pislənilib və Əqsa məscidinin zaman və məkana görə bölünməsi və müsəlmanların ibadət azadlığının məhdudlaşdırılmasının qəbuledilməz olduğu bildirilib.

Amerika Birləşmiş Ştatları (ABŞ) da Ben-Qvirin Əqsa məscidinə basqının narahatlıq doğurduğunu bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller mövzu ilə bağlı yazılı açıqlama verib:

“Bu ziyarətgahdan siyasi məqsədlər üçün istifadə edilməməlidir. Bütün tərəfləri bu yerin müqəddəsliyinə hörmətlə yanaşmağa çağırırıq”.

Bəyanat ABŞ-ın Qüdsdəki müqəddəs yerlərin tarixi status-kvonunu dəstəklədiyini bir daha təsdiqləyib.