Belarusun baş naziri İran prezidentindən sonra Suriyada Bəşər Əsədlə görüşüb

Belarus Respublikasının baş naziri Roman Qolovçenko İranda prezident İbrahim Rəisi ilə görüşdən sonra Suriyaya yollanıb və Dəməşqdə Bəşər Əsədlə görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, cümə axşamı Suriya prezidenti Bəşər Əsəd Belarus Respublikasının baş naziri Roman Qolovçenkonu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib və burada sonuncu prezident Əsədə Belarus prezidenti Aleksandr Lukaşenkonun mesajını təqdim edib.

Suriya Ərəb Respublikası Rəyasət Heyətinin Telegram-kanalında dərc olunmuş bəyanata görə, Qolovçenko prezident Aleksandr Lukaşenkonun Suriya və Belarus arasında dostluq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə prezident Əsədə mesajını çatdırıb.

Əsəd Belarus nümayəndə heyətinin səfərini təkcə iki ölkə arasında imzalanmış ikitərəfli sazişlər baxımından deyil, həm də əməkdaşlığın konkret sahələrini müzakirə etmək, onlara əməli şəkildə başlamaq və nəticəyə nail olmaq üçün bir mühüm missiya kimi qiymətləndirib.

Bəşər Əsəd diplomatik nümayəndə heyəti ilə görüşündə qeyd edib ki, Belarus Avropanın mərkəzində strateji yerləşməsinə, qərar və siyasətlərinin müstəqilliyinə görə hədəfə alınıb.