Azərbaycan və İran Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq barədə fikir mübadiləsi aparıb

Avqustun 8-də İran Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Baş prokuror Kamran Əliyev və İran Baş prokurorunun müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, görüşdə bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.

Mehdi Əmiri İsfahani bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamalanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, səfər çərçivəsində nümayədə heyəti prokurorluq və aidiyyəti istintaq qurumlarının istirakı ilə görüşlər keçirərək, cinayət işinin istintaqı və digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparacaq.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib. İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb. Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.