Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.

Operativtv.com Oxu.Az-a istinadla verdiyi məlumata görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi yanında İran İslam Respublikasının milli əlaqələndiricisi Mehrdad Kiyaei xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka da müraciət edən ölkələr siyahısındadırlar.

"Bu ölkələr (Banqladeş istisna olmaqla) dialoq tərəfdaşı statusunu müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsip etibarilə, bu məsələyə baxmağa, həmçinin müvafiq ərizəçilər və təşkilatın üzv dövlətləri ilə razılaşdırılaraq müəyyən bir nəticəyə gəlməyə hazırıq", - deyə Mehrdad Kiyaei bildirib.

O vurğulayıb ki, onlar əvvəlcə müşahidəçi statusu almalıdırlar, yalnız bundan sonra tamhüquqlu iştirakçı ola bilərlər.

"Banqladeş dialoq tərəfdaşları sırasına daxil deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır", - deyə Mehrdad Kiyaei əlavə edib.