Jurnalistikadan zurnalistikaya düşən mediamız: fiziki zorakılıq həyəcan təbili çalır

Azərbaycanın müstəqillik tarixində qələmi ilə azadlıq salnaməsini yazan jurnalistikamızın mübarizəsinin ölkənin müstəqilliyinin əldə olunmasında oynadığı əvəzsiz rolu danılmazdır. Azadlıq hərəkatı ilə başlayan bu mübarizənin davamında qələm sahiblərinin döyüş meydanlarında şəhid olması da tariximizin əbədiyaşar səhifələrindəndir. Heç də təəccüblü deyil ki, uzun illər jurnalistikanı özünə böyük şərəf bilən və bu peşəni seçməyə çalışan tələbələr məhz belə ölməz şəxsiyyətlərin mübarizəsindən ilham alırdılar.
Bir zamanlar ANS-in formalaşdırdığı jurnalistika məktəbi, hadisələrin qərəzsiz və vicdanlı təqdimatı xalqın mediaya olan inamını daha da möhkəmləndirdi. Azərbaycan mediası böyüdü, genişləndi və xalqın ayrılmaz bir parçasına, onun danışan dilinə, görən gözünə çevrildi.
Təəssüf ki, zaman keçdikcə medianın hakimiyyətin təsir dairəsinə salınması, təzyiq və məcburiyyət vasitəsilə idarə olunması jurnalistikada qeyri-demokratik və ədalət prinsiplərinə zidd davranışların yayılmasına zəmin yaratdı. Nəticədə, bu gün ölkə mediası öz tarixinin ən acınacaqlı dövrlərindən birini yaşayır.
Azərbaycanın televiziya məkanı və media qurumları, istisnalar olmaqla, hakimiyyətin diktəsi altında yalnız verilən sifarişləri icra etməklə məşğuldur. Bir zamanlar xalqın sözü olan media, jurnalistika bu gün arzuolunmaz vəziyyətə düşərək təhdid və təzyiq vasitəsinə çevrilib. Jurnalistikadan zurnalistikaya çevrilən bu müqəddəs peşəyə ləkə gətirən televiziya, sayt və bloq nümayəndələrindən ibarət dəstə artıq çoxdan cəmiyyətin etimadını itirib, nifrət hədəfinə çevrilib.
Azsaylı müstəqil media qurumlarının fəaliyyəti üçün cəhənnəmə çevrilən ölkədə vəziyyət elə bir həddə çatıb ki, bu qurumlar ya fəaliyyətlərini məcburən ölkə hüdudlarından kənara daşımalı, ya da tamamilə bağlamalı olurlar. Bu gün həbsxanalarda ağır cəza və işgəncə şəraitinə məhkum edilən jurnalistlər də cəmiyyətdəki eybəcərlikləri ifşa etdikləri üçün həbsə atılırlar. Eyni zamanda, varlığını troll səviyyəsinə endirmiş media qurumlarının və jurnalistlərin eybəcərliklərini üzə çıxarmaları da onların susdurulması üçün səbəbə çevrilir.
Bunun müqayisəsi gün kimi aydındır: bir zamanlar cəmiyyət «İç xəbər»in gəlişini səbirsizliklə gözləyirdi, bu gün isə jurnalisti hədəfə alaraq ona fiziki zorakılıq göstərir. Bu mənzərə jurnalistika ilə xalq arasında yaranmış dərin böhranın və zurnalistikanın törətdiyi fəsadların yalnız ilk təzahürlərindən biridir.
Heç bir halda zorakılığa haqq qazandırmaq olmaz. Xüsusilə də söhbət öz peşə fəaliyyətini həyata keçirən jurnalistlərə qarşı fiziki zorakılıqdan gedirsə, bu, daha ciddi narahatlıq doğurmalıdır. Lakin eyni zamanda, baş verənlər bizi jurnalistikanın cəmiyyətin nifrət hədəfinə çevrilməsinin səbəbləri üzərində də düşünməyə vadar etməlidir. Bu, həm də media adına fəaliyyət göstərənlərin öz məsuliyyətlərinə nəzər salması üçün ciddi bir siqnaldır.