Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Vətən müharibəsinə başlayır.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Qeyd edək ki, 8 noyabr ölkədə qeyri-iş günüdür.