Xanım Zəhranın (s.ə.) şəhadəti ilə əlaqədar tədbir keçirilib

Gürcüstanda Əhli-Beyt (ə) məscidinin xanımlar icması tərəfindən İslam Peyğəmbərinin (s) əziz qızı, aləmlərin xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri münasibətilə mənəvi və hüzn dolu əza məclisi təşkil olunub.

Məclis Lalə İbrahimovanın müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Göyərçin Məmmədovanın aparıcılığı ilə davam edən tədbirdə Yeganə Hüseynova və Gülsafa Şahverdova çıxış edərək Həzrət Fatimeyi-Zəhranın (s.ə) yüksək mənəvi məqamı, örnək həyat tərzi, eləcə də hicabın fərdi və ictimai həyatda əhəmiyyəti barədə dəyərli fikirlərini bölüşüblər.

Məclisin davamında məscidin azyaşlı tələbələri Həzrət Zəhranın (s.ə) əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirərək tədbirə xüsusi duyğusal rəng qatıblar. Süməyyə Əliyevanın ifasında təqdim olunan mərsiyyə isə məclis iştirakçılarına hüzn və mənəviyyat dolu anlar yaşadıb.

Tədbirin maraqlı məqamlarından biri də Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyat və şəxsiyyətinə həsr olunmuş sual-cavab mərhələsi olub. İştirakçılara ünvanlanan sualları düzgün cavablandıran xanımlara dəyərli hədiyyələr təqdim edilib. Bundan əlavə, iştirakçılardan birinə müqəddəs Məşhəd şəhərinə ziyarət səfəri hədiyyə olunub. Sonda məclis iştirakçılarına ehsan süfrəsi açılıb.

Bu mənəvi görüş bir daha Həzrət Fatimeyi-Zəhranın (s.ə) pak həyatının, iffət və həya nümunəsinin, səbir və fədakarlıq məktəbinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini nümayiş etdirib.