“Azadlıq Radiosu”nun prezidenti: “Jurnalistimiz 5 aydır Bakıda qanunsuz həbsdədir”

Fərid Mehralızadə “Abzas Media işi” üzrə həbs olunsa da, bu media orqanı bəyanat yayaraq iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb

“Azadlıq Radiosu”nun prezidenti Stiven Kapus nəşrin Bakıda olan jurnalisti, iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılmasına çağırıb.

“Bu gün (oktyabrın 30-da) “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin qanunsuz həbsindən beş ay keçir. Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, –S.Kapus bildirib.

Fərid Mehralızadəni mayın 31-də işdən çıxarkən polis saxlayıb. Daha sonra onun evində axtarış aparılıb.

İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün “Abzas Media”nın müvəqqəti rəhbərliyi bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə digər həbs edilənlərlə birlikdə Fərid Mehralızadəyə də maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə ilə ittiham irəli sürülüb. 

Ötən ilin noyabrından etibarən “Abzas Media”nın 6 əməkdaşı “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub. Bir neçə başqa şəxs də bu iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və ya şahid qismində dindirilib.  

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.