AXCP Gənclər Komitəsinin üzvü polis tərəfindən saxlanılıb

“Ona qarşı qanunsuz narkotik alveri ittihamı ilə araşdırma aparılır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, hazırda Yasamal Rayon Polis İdarəsindədir.

Bu barədə Turan-a AXCP-dən bildiriblər.

Orxan Baxışlı Milli Şuranın martın 31-də keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.

Yasamal Rayon Polis İdarəsindən Turan-a bildiriblər ki, Orxan Baxışlı ilə bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma) araşdırma aparılır.