Avropa Parlamentinin qətnaməsi: Sanksiya çağırışları gerçəkləşə bilərmi?

Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyana Zovkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatını martin 15-də səs çoxluğu ilə təsdiqləyib. Plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı deputatların əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozmaqda tənqid edib. Hesabatda qeyd olunur ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Azərbaycanla enerji sektorunda əməkdaşlıq əsasında insan haqlarının və demokratiyanın əsaslarının pozulmasına göz yummamalıdır. Deputatlar ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarına hörmətin təmin edilməsini, siyasi məhbusların azad edilməsini istəyiblər. Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağrılır. Deputatlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün təmasları alqışlayıb, lakin sərhəddə zorakılığın artmasından narahat olduqlarını bildiriblər. Deputatlar humanitar öhdəliklərin yerinə yetirilməsini və vətəndaşların Laçın dəhlizi ilə sərbəst hərəkətini təmin etməyə çağırıblar.

Hüquq müdafiəçisi Fuad Həsənov qətnamə ilə bağlı ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Fuad bəy, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni obyektiv hesab etmək olarmı?

Cavab: Avropa Parlamentinin Strasburqda keçirdiyi yığıncaqda qəbul etdiyi Aİ-Azərbaycan əlaqələri adlanan 15 mart 2023-cü il tarixli qətnaməsi 5 istiqaməti əhatə edir və 67 maddədən ibarətdir. Qətnamənin demək olar ki, bütün bölmə və maddələri üzrə Azərbaycan hakimiyyətinin fəaliyyətinə obyektiv və balanslı qiymət verilməsinə çalışılır, təbii ki, bəzi istisnalar ola bilər. Təhlükəsizlik və geosiyasi problemlər sahəsində Qətnamə müddəaları Azərbaycana Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi rəsmi dəstəyə və müharibənin gedişində Ukraynaya etdiyi humanitar yardıma görə minnətdarlıqla başlayır, amma eyni zamanda 2022-ci ilin fevralında müharibədən günlər öncə Moskvada Azərbaycanla Rusiya arasında bağlanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamədən ciddi narahatlıq  keçirildiyi etiraf edilir. Eyni zamanda BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı aqressiyasına qarşı qətnamələr qəbul edilərkən Azərbaycanın dəstək verməməsi diqqətdən qaçmır. Qətnamənin məlum paraqrafında Cənubi Qafqazda destabillik və terrorist faəliyyətdən narahatlıq ifadə edilir və pislənilir, Avropa İttifaqı, üzv dövlətlər və Azərbaycan arasında təhlükəsizlik üzrə əməkdaşlıq alqışlanır. Terrorizmə, radikallaşmaya qarşı daha güclü əməkdaşlığa çağırış edilir. Eyni sahə üzrə növbəti maddədə isə jurnalistlərə, blogerlərə, hüquq müdafiəçilərinə, hüquqşünaslara və siyasətçilərə qarşı NSO Group şirkətinin “Pegasus” izləmə-nəzarət proqramından və repressiv kibertexnologiyalardan qeyri-qanuni və kütləvi şəkildə istifadəsini pisləyir və Azərbaycan hakimiyyətini ondan istifadə etməkdən çəkinməyə çağırır. Qətnamə daha sonra İranın Azərbaycanla sərhəddə aqressiv senarilər üzrə hərbi təlimlərini qənayır və onu Azərbaycanaın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırır.

İnsan hüquqları və fundamental azadlıqlar bölümündə Parlament Azərbaycanda media azadlığının hazırkı vəziyyətindən dərin təəssüf hissi keçirir, 2021-ci ilin dekabrında KİV haqqında qəbul edilmiş və müstəqil jurnalistikanın bütün formalarını və mühacirətdə olan azərbaycanlı jurnalistlərin fəaliyyətini faktiki olaraq qadağan edən yeni qanundan narahatlığını ifadə edir, demokratik cəmiyyətlərdə ifadə və media azadlığının fundamental əhəmiyyətini vurğulayır.Avropa Parlamenti Azərbaycanı Venesiya Komissiyasının 17 və 18 iyun 2022-ci il tarixli rəyinə daxil edilmiş tövsiyələrə uyğun olaraq müstəqil və plüralist media mühitinin yaradılması istiqamətində səylərini artırmağa çağırır.  

Parlament daha sonra Avropa İttifaqı Şurasını Avropa İttifaqı-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları kimi ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan məmurlarına qarşı, xüsusən də siyasi fəallara, hüquq müdafiəçiləri və jurnalistlər qarşı geniş yayılmış polis zorakılığını nəzərə alaraq, məqsədyönlü, fərdi sanksiya imkanlarını araşdırmağa çağırır.

Göründüyü kimi AvroParlament Şuranı sanksiya tətbiqi imkanlarını araşdırmağa çağırır və ikitərəfli təmaslarda Azərbaycan hakimiyyətinin davranışlarında ciddi müsbət irəliləyiş baş verməzsə belə çağırışlar daha davamlı xarakter ala bilər, İttifaq Şurası konkret addımlar atmağa daha ciddi şəkildə sövq edilə bilər.

Avropa Parlamentinin qətnamədə olan çağırışları Azərbaycan vətəndaşının, xalqının və dövlətinin mənafeyinə tam uyğundur, hansı qərəzdən söhbət gedə bilər?

Sual: Hesabatda qeyd olunur ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Azərbaycanla enerji sektorunda əməkdaşlıq əsasında insan haqlarının və demokratiyanın əsaslarının pozulmasına göz yummamalıdır. Bu çox ciddi məsələdir. Çünki son zamanlar  vətəndaş cəmiyyəti üzvlərinin tez-tez səsləndirdiyi fikirlərdən biri də budur ki, Avropanın hazırda Azərbaycanın enerji sektoruna ehtiyacı var, buna görə də digər məsələlər arxa plana keçib. Amma qətnamədə bu fikirlərin əksini görürük. Sizcə, Avropa Parlamenti bununla nə demək istəyir?

Cavab: Avropa Parlamentinə Avropa İttifaqına daxil olmuş 27 üzv dövlətdən seçilmiş 705 deputat Avropa İttifaqı institutlarının formalaşdırılmasında və fəaliyyətlərinin prinsip və hüquqi əsaslarının yaradılmasında Avropa İttifaqı Şurası ilə birlikdə qanunvericilik təşəbbüsçüsü kimi əhəmiyyətli rol oynayır. Parlament məlum qətnaməsində bu fikri vurğulmaqla enerji layihələri üzrə müqavilələri imzalamış Avropa İttifaqının ali icra qurumlarına əməkdaşlıq layihələrində universal, o cümlədən Avropanın təməl dəyərlərinin qorunmasına ciddi riayət etməyə çağırır. Nəzərə alsaq ki, Avropa Ittifaqı ilə Azərbaycan arasında yaxın zamanlarda Yeni Hərtərəfli Tərəfdaşlıq Sazişinin imzalanması iddiaları da var, Avropa Komissiyası bu sazişi imzalasa belə, Avropa Parlamenti sazişi təsdiq etməmək, yəni veto qoymaq hüququna sahibdir. Avropa Ittifaqı ilə Azərbaycan arasında 2017-ci ildə başlamış İnsan Hüquqları Dialoqunda bir durğunluq var. Hüquq müdafiəçisi kimi biz də bütün mümkün beynəlxalq təmaslarda insan hüquqları dialoqunun davamlı və səmərəli olmasının vacibliyini vurğulayır və tələb edirik.

Sual: Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalara çağırış var. İndiki halda bu məsələ nə dərəcədə inandırıcıdır? Çünki illərdir bu tipli bəyanatlar eşidirik. Amma real tətbiq görünmür.

Cavab: Qətnamədə edilən çağırış Avropa İttifaqının mövcud sanksiya mexanizminə eyham etməklə edilir. Qeyd edim ki, Avropa İttifaqı Qlobal İnsan Hüquqları Sanksiya Mexanizmi Avropa İttifaqı Şurasının insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyan Aİ üzvü olmayan ölkələrin əməkdaşlarını cəzalandırmaq mexanizmidir.

Yeni sanksiya rejimi həmçinin Avropa İttifaqı Müqaviləsinin 21-ci maddəsində müəyyən edilmiş ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədləri ilə bağlı geniş yayılmış, sistematik və ya ciddi narahatlıq doğuran digər insan hüquqları pozuntularını və ya sui-istifadələri də hədəfləyir. Buraya insan alverindən tutmuş azadlıqların pozulması və ya sui-istifadəsi (dinc toplaşma və birləşmək azadlığı, fikir və ifadə azadlığı və ya din və ya etiqad azadlığı) daxil ola bilər.

Tətbiq edilə bilən sanksiya qərarı siyahıya alınmış şəxslərin üzv dövlətlərin ərazilərinə daxil olmasına və ya oradan tranzit keçməsinə qadağanı, barəsində sanksiya qərarı qəbul edilmiş fiziki şəxslərə, orqanlara və qurumlara məxsus, mülkiyyətində olan, saxlanılan və ya nəzarət edilən vəsaitlərin və iqtisadi resursların dondurulmasını və Avropa Birliyində siyahıya alınmış fiziki və hüquqi şəxslərə vəsait və ya iqtisadi resursları təqdim edən şəxslərə və qurumlara qarşı qadağanı nəzərdə tutur.

Avropa Ittifaqı Azərbaycanla enerji və ticarət sahəsində ciddi tərəfdaşdır. İttifaq yeddi müstəqil institut tərəfindən idarə edilir. Sanksiya çağırışı və sanksiya tətbiqi ilk növbədə tərəfdaş ölkəni tam iflic etmək məqsədi daşımır. Avropa İttifaqının sanksiya fəlsəfəsi sanksiyaya məruz qoyulacaq ölkənin yüksək rütbəli rəsmilərini hədəfə almaqla çox ciddi insan hüquqları pozuntularını davamlı və sistemli şəkildə həyata keçirmiş hakmiyyətin siyasi niyyətli davranışlarını durdurmaq, dəyişikliklərə nail olmaq və bu yolla universal dəyərlərin aliliyinin qlobal təmininə nail olmaqdır.

ABŞ Qlobal Maqnitski Aktı çərçivəsində belə bir ilkə imza atıb, beynəlxalq insan haqları təşkilatları da Avropa İttifaqına belə bir yanaşma üçün ardıcıl olaraq  çağırışlar edir.

Sual: Azərbaycan hakimiyyət mənsubları adətən bu tipli tənqidi fikirlərlə, çağırışlarla razılaşmırlar. Sizcə, Azərbaycan hakimiyyəti hesabatdakı tövsiyyələrə bu dəfə necə reaksiya verəcək?

Cavab: Avropa Parlamentinin belə çağırışları ictimai, yəni açıq dilpomatiya nümunəsidir. Yalnız Avropa seçicilərindən asılı olan parlament açıq, insan hüquqları bazalı və Azərbaycan vətəndaşının xeyrinə çağırışlar edib. Parlament Avropa İttifaqının qanunvericilik təşəbbüsü olan və ikitərəfli sazişlərə veto qoymaq səlahiyyəti olan 2 Avropa İttifaqı qurumundan biridir. Hazırda isə Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı öhdəliklərə əsaslanan əməkdaşlığın konturları daha da aydınlaşır. Bu mənada hakimiyyət publik olaraq belə çağırışlarla razılaşmasalar da daxildə ali səviyyədə bu haqda ciddi düşünməyə məcburdurlar.

Sual: Reaksiyalar adəti üzrə olsa, Azərbaycanı hansı təhlükələr gözləyə bilər?

Cavab: Qətnamədə ifadə edilmiş narahatlıqlar üzrə heç bir davranış dəyişikliyi baş verməzsə, ortaya hədəfli sanksiyalar üzrə ilkin bir siyahı çıxa bilməsi mümkün ola bilər.

Sual: Deputatlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün təmasları alqışlayıb, lakin sərhəddə zorakılığın artmasından narahat olduqlarını bildiriblər. Deputatlar humanitar öhdəliklərin yerinə yetirilməsini və vətəndaşların Laçın dəhlizi ilə sərbəst hərəkətini təmin etməyə çağırıblar. Hesabatda Qarabağda baş verənlərə dair, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair müddəlar nə dərəcədə obyektivdir?

Cavab: Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması yönündə Azərbaycanın həm Ermənistan rəhbərliyi, həm də Qarabağ erməniləri ilə təmasını alqışlayır, Azərbaycnaın  2022-ci ilin martında etdiyi 5 prinsipdən ibarət təklifi də dəstəkləyir, erməni tərəfi öz hərbi qüvvələrini ərazidən çıxarmaq haqqında götürdüyü öhdəliklərə əməl etməyə və Naxçıvanı Azərbaycanın qərb regionu ilə birləşdirən nəqliyyat xəttini təmin etməyə çağırır. Deputatlar qətnamədə regiona yerləşdirirlmiş qondarma Rus sühməramlılarının fəaliyyətindən və onların regiondakı siyasi gedişata təsiri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Qətnamədə Azərbaycanın 2022-ci ilin sentyabrında həyata keçirdiyi irimqiyaslı və Ermənistanın ərazisində bir neçə hədəfləri müəyyən edən hərbi əməliyyat qınanır. Avropa Parlamentinin 705 deputatının hamıısı eyni və sağlam gündəliyə malik ola bilməz, parlament üzvlərinin rəyinin formalaşmasında mövcud erməni diasporu, maraq qruplarının da rolu görməzdən gəlinə bilməz. Siyasi mövqe və rəy isə boşuna formalaşa bilməz. Bu arada Azərbaycan siyasi hakimiyyətinin və təbliğat ruporlarının daha çox daxili auditoriyaya hesablanmış faydasız təbliğatı ümummilli maraqlarımız baxımından Azərbaycanı beynəlxalq hədəflərdən yayındıra bilib və yanlış görüntüsünü yarada bilib.

Sual: Hesabatda göstərilən tövsiyələrlə bağlı sizin Azərbaycan hakimiyyətinə təklifləriniz nədən ibarətdir?

Cavab: Azərbaycan lazım olan və Avropa İttifaqı ilə münbit və qarşılıqlı faydalı əlaqələrin daha müsbət yöndə inkişaf etdirməli, regiona yalnız iğtişaş, işğal, münaqişə və təhlükə gətirən Rusiyanın qlobal və regional güc kimi zərərsizləşdirilməsinin çox vacib və real olduğu bir vaxtda Azərbaycan ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının təmini kimi təməl öhdəlikləri yerinə yetirmək, kütləvi və davamlı antihüquq praktikasına son qoymaq üçün öz davranışlarında ciddi islahatlar etməlidir.

Regionda sülhün bərqərar olması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması,  Azərbaycanın hələ də Qarabağda suverenlyini təmin edə bilməməsi, amma bunun son dərəcə vacib və zəruri olması hamının dərk etdiyi faktdır, Rusiyanın bu prosesdə ciddi maneəçiliyinin aradan qaldırılması son dərəcə zəruridir. Ukrayna böhranının tezliklə müsbət həllinin Azərbaycanın haqlı maraqlarının xeyrinə ciddi töhfə verə biləcəyinə inanıram.