Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib

Qarabağ separatçılarının lideri Araik Aratyunyanın sözçüsü Lusine Avanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib.
Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib.
"Arutyunyan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazır olduğunu bildirib.
Üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Artsax xalqı" ilə güc dili ilə danışıb, biz lokal hərbi fəaliyyətlə düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanın şahidi olmuşuq və olmaqda davam edirik. Bu dəfə isə Azərbaycan Prezidenti "Artsax xalqı"nın seçilmiş hakimiyyət orqanlarına qeyri-qanuni tələbləri irəli sürüb", - Avanesyan deyib.
Onun sözlərinə görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" və "parlamenti" "Artsax xalqı"nın fundamental mandatına malikdir, demokratik prinsiplər və "konstitusiya" əsasında seçiliblər.
"Azərbaycan Prezidenti yaxşı bilir ki, bu "dövlət" institutları "Artsax"ın subyektivliyinin əsas mənbəyidir və bu cür tələblər irəli sürməklə, o, əslində bu qurumların legitimliyini və əhəmiyyətini tanıyır", - Arayikin sözçüsü iddia edib.