Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası martın 11-də İranı qınayan qətnamə qəbul edib.
Qətnamədə İranın Fars körfəzi ölkələrinə və İordaniyaya hücumları pislənilir və hücumları dərhal dayandırması tələb olunur.
Şuraya üzv olan 15 ölkədən 13-ü qətnamənin lehinə səs verib. Təkcə Rusiya və Çin səsvermədə iştirak etməyib, lakin onlar daimi üzv kimi malik olduqları veto səlahiyyətindən istifadə etməyib.
Səsvermədən sonra çıxış edən İranın BMT-dəki səfiri Əmir-Səid İrəvani qətnamənin qəbulunu “beynəlxalq ictimaiyyət üçün təəssüfedici gün” adlandırıb.
“Bu qətnamə açıq-aşkar təcavüz aktının əsas qurbanı olan ölkəmə qarşı açıq-aşkar ədalətsizlikdir. Bu, reallıqları təhrif edir və mövcud böhranın köklü səbəblərini qəsdən görməzdən gəlir”, - o bildirib.
İrəvani əlavə edib ki, fevralın 28-dən ABŞ və İsrailin hava hücumları nəticəsində İranda ən az 1348 mülki şəxs ölüb, 17 mindən çoxu isə yaralanıb.
İran ilk gündən hücumlara cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə raket və dron zərbələri endirir.
Bir neçə gün əvvəl İran prezidenti Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istəsə və hücumların dayanacağını desə də, digər rəsmilər onun sözünü təkzib ediblər.
BMT-nin Təhlükəsizlik Şurası İranı qınayan qətnamə qəbul edib