Ceyhun Məmmədov: “İran uzun müddət müharibəni davam etdirmək imkanlarına malikdir”

İrana qarşı həmişə xarici təzyiq olanda daxildə parçalanma yox, əksinə, birləşmə baş verir. Ona görə də Amerika və İsrail bu amili nəzərə almalı idilər. İran daxilində parçalanma olmayacaq. Baxın, ali dini lider seçildi. Prezident ona tabeliyini bildirdi, həmçinin ziyalılar, güc strukturları mövqelərini açıqladılar. Yəni İran daxilində parçalanmaya nail olmaq çox çətindir. Çünki struktur, sistem güclüdür və daxildə vahid müxalif qüvvə, onun təsir imkanları yoxdur. Bu səbəbdən İran uzun müddət müharibəni davam etdirmək imkanlarına malikdir.

Quru qoşunları ilə müharibə effekt verməyəcək, daha böyük itkilərlə nəticələnəcək. Müharibə ABŞ və İsrail üçün heç də az vəsaitə başa gəlmir. Əsas haqq-hesab bu müharibədən sonra olacaq. Çünki ABŞ Körfəz ölkələrini qorumalı idi, orada hərbi bazaları var idi, amma qorumadı. Müharibənin davam etməsi neftin qiymətini daha da artıracaq. Artıq bir çox Qərb ölkələri həyəcan təbili çalmaqdadır. ABŞ Rusiyadan neft alışına icazə verir, neftin alışı ilə Rusiya güclənəcək. Bu zaman Rusiya Ukraynada daha çox üstünlüklər əldə edəcək. Eyni zamanda proses belə davam edərsə, biz dünyada növbəti iqtisadi böhranın şahidi olacağıq, bu isə sərf edən nəticə deyil. Buna görə hesab edirəm ki, müharibəni dayandırmağın vaxtı çatıb.

 Müharibənin başlamasında əsas hədəf rejimin dəyişməsi idi, bu baş vermədi, situasiya düzgün qiymətləndirilmədi. Belə bir illüziya var idi ki, hücum edəcəklər, daxildə xalq ayağa qalxacaq, hakimiyyəti dəyişəcək, bu olmadı. Nüvə tədqiqatları və əldə olunan nəticələrə gəldikdə, düşünürəm ki, İran bu ehtiyatları daha təhlükəsiz yerlərdə gizlədib. Silahlar da eyni zamanda…İranın gizli bunkerləri, gizli saxlanc yerləri var.

ABŞ və İsrail nəyə nail oldu? İranın hərbi strukturlarını müəyyən mənada zədələdilər, silahlarla sıradan çıxardılar, bu ölkəni müəyyən dərəcədə zəiflədə bildilər. Amma bu, İranın tamamilə sıradan çıxarılmasına gətirib çıxarmadı. Əgər müharibə dayanacaqsa, İran bir müddət sonra özünü yenidən bərpa edəcək.