Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Aytən Əliyeva sədrlik edib.
İclasın əvvəlində müdafiə tərəfi təqsirləndirilən şəxslərin şüşə kabindən məhkəmə zalına keçirilməsi barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib.
Daha sonra təqsirləndirilənlərdən Nurlan Libre (Qəhrəmanlı) çıxış edərək 56 gündür aclıq etdiyini bildirib. O, fevralın 23-də Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun onu otağına çağıraraq aclığı dayandırmaqla bağlı təhdid etdiyini deyib. Jurnalist həmçinin müalicə müəssisəsinə köçürülmək istədiyini əlavə edib.
Proses təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib. “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) bildirib ki, iş üzrə təqsirləndirilən 12 nəfərə qarşı irəli sürülən 7 maddə “absurd ittihamlardır”.
Onun sözlərinə görə, ittiham aktında jurnalistlər rəsmi sənədlərin saxtalaşdırılmasında günahlandırılsa da, hansı sənədlərin saxtalaşdırıldığı göstərilmir:
“Kompüterdə hazırlanmış sənədləri saxta imzalarla doldurub guya biz imzalamışıq kimi təqdim ediblər. Halbuki ekspertiza həmin imzaların bizə aid olmadığını müəyyən edib”.
Aynur Elgünəş əlavə edib ki, jurnalistlərə qarşı qanunsuz sahibkarlıq ittihamı da irəli sürülüb. O, bu ittihamın məntiqsiz olduğunu deyib:
“Əgər bu qurumun rəhbəri mənəmsə, niyə bu qədər adam qanunsuz sahibkarlıqda ittiham olunur?”
Jurnalist həmçinin qeyd edib ki, üzərində endoprotez olduğu üçün bütün hava limanlarında xüsusi yoxlamadan keçir:
“Necə olur ki, bu yoxlamaların heç birində üzərimdə pul çıxmayıb?”
Elgünəş istintaq materiallarında şahid ifadələrindən başqa sübutların olmadığını da bildirib:
“O ifadələrin də hansı şərtlərdə alındığı bəllidir”.
Onun sözlərinə görə, jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Nurlan Libre “Meydan TV” ilə əməkdaşlıq etməyiblər və yalnız peşə fəaliyyətlərinə görə həbs olunaraq bu işə daxil ediliblər.
Aynur Elgünəş bildirib ki, onların həbsi “Meydan TV”ni susdurmaq məqsədi daşıyır:
“Hakimiyyətin tənqidə dözümü yoxdur. Amma 10 ildir kimi tənqid ediriksə, hamısını sonda hökumət özü vurur. Unutmayın ki, Ramiz Mehdiyevə qalmayan dünya heç kimə qalmaz”.
Jurnalist həbslərindən sonra hökumətyönlü mediada onlara qarşı aparılan qaralama kampaniyasına da toxunub.
“İndi bizi söyən media qurumlarının əməkdaşları bilmirlər ki, mənə edilən təkliflərlə razılaşsaydım, indi onların rəhbərləri idim”.
Elgünəş bildirib ki, “Meydan TV” ilə baş redaktor kimi rəsmi əməkdaşlıq müqaviləsini 2023-cü ilin mayında imzalayıb. Onun sözlərinə görə, istintaq isə 2021-ci ildən ona maaş yazıldığını iddia edir və bununla vergidən yayınma ittihamı irəli sürür.
Aynur Elgünəş dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina edib.
Daha sonra jurnalist Şəmşad Ağa vəsatətlə çıxış edərək növbəti məhkəmə iclasında İctimai Televiziyanın iştirakını və ifadəsinin canlı yayımlanmasını tələb edib.
“Mən tələb edirəm ki, növbəti prosesdə İTV iştirak etsin və mənim ifadəmi canlı yayımlasın. Haqqımda hökumətyönlü mediada aparılan qarayaxma fikirlərə cavab vermək haqqım var”.
Məhkəmə bu vəsatəti təmin etməyib.
Ardınca Bakı Jurnalistika Məktəbinin rəhbəri Ülvi Tahirov sərbəst ifadə verərək bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Aynur Qənbər, Natiq Cavadlı, Ramin Deko və Əhməd Muxtarı tanıyır, digərlərini isə ilk dəfə məhkəmə prosesində görüb.
Növbəti məhkəmə iclası aprelin 3-nə təyin edilib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre həbs olunub. May ayında jurnalist Ülviyyə Əli (Quliyeva), avqustda isə foto-müxbir Əhməd Muxtar barəsində həbs qətimkan tədbiri seçilib.
Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) ilə ittiham verildiyi, sonradan isə ittihamların ağırlaşdırıldığı bildirilir.
Jurnalistlər ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.
“Meydan TV işi”: “Hakimiyyətin tənqidə dözümü yoxdur, həbsimiz “Meydan TV”ni susdurmaq məqsədi daşıyır”