ABŞ və İsrail Qəzzada atəşkəs üçün danışıqlardan geri çəkiliblər

ABŞ və İsrail Qəzza zolağında ərzaq böhranı və aclığın davam etdiyi vaxtda atəşkəs üçün danışıqlardan geri çəkilib. 

ABŞ-nin Qətərin paytaxtı Dohada HƏMAS qruplaşması ilə danışıqlar aparan diplomat qrupunu geri çağırmasını prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff iyulun 24-də “X” səhifəsində xəbər verib. 

Həqiqətdə Yaxın Şərqi əsarətdə saxlayaraq itaətə məcbur etmək üçün müharibənin davam etməsində maraqlı olan ABŞ  bu planını gizlətmək üçün güya HƏMAS-ın danışıqlarda son cavabı “atəşkəsə nail olmaq istəyi olmadığını açıq şəkildə göstərib” deyərək atəşkəs mövzusunu dayandırıb.

Vitkoff əlavə edib ki, əvəzində ABŞ HƏMAS girovluğunda olan israillilərin “evlərinə qayıtması və Qəzza xalqı üçün daha sabit bir mühitin yaradılması üçün alternativ variantları nəzərdən keçirəcək”. Vitkoff bu alternativlər barədə ətraflı məlumat verməyib.

Bunun ardınca İsrail də danışıqlar aparan qrupunu Dohadan geri çağırıb. Lakin adı açıqlanmayan İsrail rəsmisinin “CNN”-ə verdiyi məlumata görə, qrup danışıqların gedişatı ilə bağlı qərarlar uzaq məsafədən verilə bilmədiyi üçün geri çağırılıb.

Bu qərarlar Qəzzada ərzaq böhranının və aclığın davam etdiyi vaxtda verilib. 

İsrailin blokadası nəticəsində zolağa yalnız limitli miqdarda humanitar yardım daxil olur və yardım dalınca gedənlər İsrail ordusunun atəşinə məruz qalır. Mayın sonlarından indiyə qədər 1000-ə yaxın qəzzalının atəş nəticəsində öldürüldüyü bildirilir. 

Eyni zamanda, iyulun 24-də Qəzzanın səhiyyə rəsmiləri 3, bir gün əvvəl isə 10 nəfərin aclıqdan öldüyü barədə məlumat veriblər. 

Ümumilikdə isə, 2023-cü ilin oktyabrında İsrail Qəzzanı bombalamağa və blokadaya başlayandan bəri 100-dən çox insanın aclıqdan öldüyü bildirilir.