Tural Sadıqlı: Sui-qəsd cəhdində adı hallanan şəxslər dindiriləcək

Almaniyanın Nürnberg şəhərində yaşayan azərbaycanlı fəal Tural Sadıqlı ona qarşı sui-qəsdlə bağlı polisin araşdırmalarını davam etdirdiyini bildirirb.

"Almaniyada yaşayan və adları hallanan şəxslər dindiriləcək", deyə o, Turan agentliyinə bildirib.

Tural Sadıqlı bir neçə gün öncə facebook səhifəsində Azərbaycan hakimiyyətinin ona qarşı sui-qəsd planı olduğunu yazıb.

Onun sözlərinə görə, iyunun əvvəllərindən 3 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı evinin ətrafında onu güdür.

"Sui-qəsdi onlar törədəcəkdi. Sadəcə münbit şərait gözləyirdilər. Sayıqlığım və Nürnberg polisinin anında müdaxiləsi ilə plan baş tutmadı".

Tural Sadıqlı facebook səhifəsində evinin ətrafında gəzən şəxslərin fotosunu dərc edib.

Onun şikayətindən sonra kriminal polis məsələ ilə bağlı cinayət işi açıb.

Xatırladaq ki, Berlində Azərbaycan səfirliyinin qarşısında aprelin 11-də keçirilən etiraz aksiyasından sonra da Tural Sadıqlıya 3 Gürcüstan vətəndaşı tərəfindən sui-qəsd cəhdi olduğu bildirilirdi və polisin müdaxiləsi bunun qarşısını alıb.

Rəsmi Bakı hələ Tural Sadıqlının yazdıqlarına münasibət bildirməyib.

Tural Sadıqlı 2014-cü ildə Almaniyaya mühacirətə gedib. O, sosial şəbəkələrdə Azərbaycan hökumətinin kəskin tənqidçilərindəndir. Sadıqlı həmçinin Almaniyada və Avropanıın siyasi mərkəzlərində Azərbaycan iqtidarı əleyhinə keçirilən etiraz aksiyalarında fəal iştirak edir.

2015-ci ilin fevralında prezident İlham Əliyevin Berlində Almaniyaya kansleri ilə görüşü zamanı Tural Sadıqlı və digər şəxslər etiraz aksiyası keçirib. Bundan bir neçə gün sonra onun atası və qardaşı polisə aparılıb. Atası azad buraxılsa da, qardaşı Elgiz Sadıqlıya qarşı narkotik ittihamı irəli sürülüb. Elgiz Sadıqlı bir qədər həbsdə qaldıqdan sonra həbs qətimkan tədbiri şərti cəza ilə əvəz edilib. O, azad buraxılıb. 2018-ci ilin fevralında da Elgiz Sadıqlı yenidən saxlanılıb və ona 30 sutka inzibati həbs verilib. -03B-